Rusiya-Ukrayna müharibəsi başlayanda demişdim ki, nə vaxtsa arxivlər açılsa... - Qüdrət Həsənquliyev

Aznews.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, xarici mətbuatın yazdığına görə ABŞ Prezidenti Bayden BMT-nin Baş Məclisində BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi barədə Ərdoğanın təklifini müdafiə edəcək və Almaniya, Cənubi Afrika, Yaponiya, Braziliya və Hindistan hesabına daimi üzvlərin sayının artırılmasını təklif edəcək. Bu təklif qəbul olunarsa, BMT TŞ-da daha ədalətli qərarların qəbuluna nail olmaq olarmı?

- Mətbuatın yazdığı doğrudursa Baydenin təklifi ədalətli deyil. BMT TŞ-nin daimi üzvlərindən biri türk dövlətlərinin təmsilçisi kimi Böyük İyirmiliyin üzvü, güclü orduya sahib Türkiyə olmalıdır. O cümlədən, müsəlman ölkələri kimi ümumi daxili məhsulun həcminə görə dünyada 7-ci olan, 277 milyon əhaliyə sahib İndoneziya və nüvə silahına malik Pakistan da daimi üzv olmalıdırlar.

Həmçinin, daimi üzvlərin veto hüququ aradan qaldırılmalı, qərarlar dördə üç səs çoxluğu ilə qəbul olunmalı, qərarların icra mexanizmləri hazırlanmalıdır. BMT TŞ-nin qərarı olmadan ölkələrin ayrı-ayrı xarici dövlətlərin ərazisində müxtəlif adlar altında hərbi əməliyyatlar aparması qadağan olunmalı, belə bir hal baş verərsə, bu, təcavüz aktı kimi qiymətləndirilməlidir.Təcavüzü durdurmaq üçün üzv dövlətlər tərəfindən əhalinin say nisbəti nəzərə alınmaqla BMT-nin 300 minlik ordusu yaradılmalıdır. Bu güc yetərli olmasa daimi üzvlər öhdəlik götürməlidirlər ki, onlar bütün hərbi gücləri ilə Təhlükəsizlik Şurası qərarlarının icrasına dəstək verəcəklər. Yalnız bu halda BMT nəyəsə yaraya bilər.

- ABŞ Senatının beynəlxalq əlaqələr komitəsində Azərbaycan əleyhinə müzakirəni, Avropa Palamentinin Azərbaycan əleyhinə qətnaməsini necə qarşıladınız?

- Ümumiyyətlə, Hitler almanları, Mussolini italyanları ari (üstün hüquqlara sahib) irq hesab etdiyi kimi, Qərb də erməniləri bizə münasibətdə ari irq hesab edir. Onlar hesab edir ki, ermənilər bir milyon müsəlmanı ev-eşiyindən qova, Xocalıda soyqırımı cinayəti törədə, Azərbaycanın 900 yaşayış məntəqəsəni yer üzündən silə, onun torpaqlarının 20%-ni 30 il işğal altında saxlaya bilər, amma Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa edə bilməz. Elçibəy bunu etmək istədi, Azərbaycana sanksiya tətbiq etdilər, işğalçıya maddi, siyasi, üçüncü dövlətlərin əli ilə hərbi dəstək verdilər. Ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bizi yenə də müxtəlif bəhanələrlə hədələyirlər. Bu zaman həm özlərini, həm buradakı əlaltılarını ifşa edirlər. Qərbin fitlə hərəkət edən bizdən olan əlaltıları deyirdilər ki, Qərb iqtidarın bacarıqsızlığı ucbatından Qarabağ münaqişəsi barədə obyektiv həqiqəti bilmir. Həmin fitçilərdən soruşuram, necə olur Qərb özünün bir adamının həbsini dərhal bilir, amma yağışlı-qarlı soyuq havalarda, yayın qızmar istisində yeraltı qazmalarda, çadır düşərgələrində, qəza vəziyyətində olan müxtəlif binalarda 30 ildən artıq dözülməz şəraitdə yaşayan bir milyon insandan, dağıdılan şəhər və kəndlərdən, Xocalı soyqırımından xəbər tutmur. Yox, həbs olunan bir nəfər barədə sizlər məlumat vermisinizsə, onda xalqımızın bu faciələri barədə ağalarınıza niyə məlumat verməmisiniz? Yoxsa, bu millətdən deyilsiniz?