- Rusiya və İran
- 25 Sentyabr 2023 16:35
- 5 290
Kreml: Qarabağda vasitəçilik qabiliyyəti olmayanların boş cəhdlərindən çəkinmək lazımdır

“Vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün onların nəticəsiz cəhdlərinin qarşısını almaq çox vacibdir”.
Aznews.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov, Qarabağdakı hadisələrlə bağlı bəzi “üçüncü tərəf ölkələrin” vasitəçilik cəhdlərinə şərhində deyib.
Peskov Qarabağdakı son hadisələrlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Naxçıvanda keçirilən görüşü dəyərləndirən Peskov deyib: “Biz həmişə ümid edirik ki, Azərbaycan prezidenti, o cümlədən Türkiyə prezidenti arasında bütün görüşlər regional təhlükəsizliyə və Qarabağda həyatın normallaşmasına töhfə verəcək".
Peskov Türkiyə və Azərbaycanın yaxın münasibətləri olan iki suveren dövlət olduğunu bildirib və əlavə edib: “Rusiya həm də Ankara və Bakı ilə sıx əlaqələri olan ölkədir”.
Bəzi "üçüncü tərəf ölkələrin" Qarabağla bağlı vasitəçilik cəhdlərini tənqid edən Peskov, "Əhəmiyyətli olan situasiyanı həll etməkdir. Vasitəçilik qabiliyyəti olmayan üçüncü tərəflərin Qafqazda mövcudluğunu təmin etmək üçün onların nəticəsiz cəhdlərinin qarşısını almaq çox vacibdir",-deyə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 5-də İspaniyanın Qranada şəhərində görüşəcəklər.
Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcək.
Mövsüm