Azərbaycan BMT-yə Ramil Səfərov izahatı verdi

Azərbaycanın Cenevrədə – BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin İnsan Hüquqları Şurası sədrinə məktub göndərib. Daimi nümayəndə, səfir Murad Nəcəfbəyli məktubda Ermənistanın BMT yanında daimi nümayəndəsinin zabit Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsi barədə fikirlərini cavablandırıb.

Səfir qeyd edib ki, Ramil Səfərovun Azərbaycana gətirilməsi məhkum edilmiş şəxslərin verilməsi barədə Strasburq konvensiyasına müvafiq həyata keçirilib: "Konvensiyanın müddəalarına görə, tərəflərdən birinin ərazisində məhkum edilmiş şəxs qarşılıqlı razılaşma ilə digər tərəfin ərazisinə verilə bilər".

AzərTAc-ın məlumatına görə, məktubda göstərilir ki, Macarıstan məhkəməsinin ömürlük həbs cəzasına məhkum etdiyi Ramil Səfərov səkkiz ildən artıq həbsdə olub və Ermənistanın iddialarına rəğmən Azərbaycanda qəhrəman sayılmır: "Hüquqi baxımdan tənzimlənən bu hadisənin siyasiləşdirilməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təcavüzün və ağır cinayətlərin real nəticələrini gizlətmək kimi uzaq niyyətlər güdür. Regionda daimi gərginliyin əsas mənbəyi Azərbaycanın işğalının davam etməsi və 1 milyondan çox azərbaycanlının doğma yurdundan qovulması, etnik təmizləmələr və bir sıra başqa ağır cinayətlərdir. Ramil Səfərovla bağlı hadisəyə yalnız Azərbaycan ərazilərinin işğalının davam etməsi və öz evlərini tərk etməyə məcbur olmuş yüz minlərlə azərbaycanlı məcburi köçkün və qaçqın üçün müharibənin doğurduğu acı nəticələr kontekstində yanaşmaq lazımdır. Ramil Səfərov özü evinin zəbt edilməsi və yaxın qohumlarının öldürülməsinin şahidi olub. Onun ailəsi doğma torpaqlarından zorla qovulmuş minlərlə ailədən biri idi.

Ramil Səfərovun əməllərini etnik motivə əsaslanan cinayət kimi təqdim etməyə əsla əsas yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan özünün etnik müxtəlifliyini bu günə qədər qoruyub saxlayıb. Hazırda Azərbaycan ərazisində təqribən 30 min erməni yaşayır və normal həyat sürür, heç bir ayrı-seçkiliyə məruz qalmır".

AzNews.az