İsmayıllı məsələsində millət vəkillərinin fikirləri haçalandı


İsmayıllı hadisələrilə bağlı artıq bir neçə millət vəkilinin və ziyalıların mövqeyini öyrənmişik. Əməkdaşımız həm də millət vəkillərindən - Fərəc Quliyev və Çingiz Qənizadəninin məsələ ilə bağlı mövqelərini soruşub. Onlardan biri xalqın, biri isə məmurların tərəfindən çıxış edib.

Millət vəkili, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev AzNews.az-a açıqlamasında xalqın həmişə haqlı olduğunu dedi:

"Məmurlar, onların övladları və yaxınları öz yerlərini bilməlidir. Statusundan asılı olmayaraq, bütün məmurlar millətin qulluğunda durmalıdır. Millətə qulluq etməyi şərəf bilməlidir. Daha milləti özlərinin qulluqçusu, kölələri kimi görməli deyillər. Mən hesab edirəm ki, millətə qarşı ağılsız davranışlar, yuxarıdan aşağı baxmaq xalqla öz arasında ciddi şəkildə uçurum yaratmaqdır. İnsanları aşağılamaq sonra millətin təpkisinə səbəb olar".

Millət vəkili Çingiz Qənizadə isə baş verən hadisənin mətbuat və siyasi dairələr tərəfindən şişirdildiyini dedi:

"İsmayıllı olayı bir necə gəncin tərbiyəsiz davranışının nəticəsidir. Burada nə milli, nə elmi, nə siyasi çalarlar axtarmağa dəyməz. Bir necə gənc sərxoş vəziyyətdə rayon mərkəzində avtoxuliqanlıq edib. Onlara irad bildirəndə isə gənclər həmin şəxslərə qarşı hörmətsizlik edib" .


Bahar Rüstəmli
AzNews.az