Mütəllim Rəhimli: “İcra Hakimiyyəti bu mitinqə “yox” cavabı verə bilməz, bunun üçün onun əlində hüquqi əsas yoxdur” Mütəllim Rəhimli: “İcra Hakimiyyəti bu mitinqə “yox” cavabı verə bilməz, bunun üçün onun əlində hüquqi əsas yoxdur”

Ədalət Partiyasının Gəncədəki mitinqinə icazə veriləcəkmi?

Mütəllim Rəhimli: “İcra Hakimiyyəti bu mitinqə “yox” cavabı verə bilməz, bunun üçün onun əlində hüquqi əsas yoxdur”



Xəbər verdiyimiz kimi, Ədalət Partiyası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət edərək iyunun 8-də "Demokratiya", "Qarabağ", "Ədalət" şüarları altında mitinq keçirmək istədiyini bildirib.

Mitinqə hazırlıqla bağlı vəziyyəti şərh edən Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib ki, artıq xeyli müddətdir, Gəncədəki üzv və tərəfdarları ilə görüşə bilmirlər: "Daha doğrusu, buna imkan yaradılmır. Ona görə də, ölkədə baş verən bir sıra proseslər üzv və tərəfdarlarımızda açıqlanması vacib olan suallar yaradıb. Bu səbəbdən də Gəncə Şəhər İcra hakimiyyətinə müraciət edərək mitinq keçirilməsi üçün müvafiq yer ayırmasını xahiş etmişik".

"İcra hakimiyyəti mitinqə icazə verməsə partiyanızın mövqeyi necə olacaq" sualına M.Rəhimli belə cavab verib:

"Gəncə Şəhər İcra Hakimiyyəti bu mitinqə "yox" cavabı verə bilməz. Bunun üçün onun əlində hüquqi əsas yoxdur. Biz müraciətimizdə də bildirmişik ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uyğun olaraq icra hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı yerlərdən birində mitinqin keçirilməsinə razılıq versin. Yəni, qanunun tələbinə uyğun olaraq mitinq üçün sahə ayırılıb və biz də onu istəyirik. Biz şəhərin mərkəzində, hansısa dövlət orqanının qarşısında, yaxud əhalinin və nəqliyyatın sıx hərəkət etdiyi ərazi iddiasında deyilik. Bu baxımdan hesab edirəm ki, mitinqimiz baş tutacaq bə biz üzv və tərəfdarlarımıza öz mövqeyimizi çatdıra biləcəyik. Bütün hallarda Ədalət Partiyası bu aksiyanı keçirməkdə israrlıdır".

AzNews.az