AXCP və Müsavatdan Rauf Arifoğlunun təklifinə sərt REAKSİYA

"İndiki halda Müsavat Partiyası ilə AXCP-nin birləşməsinin gündədmə gəlməsi üçün ilk növbədə Müsavat Partiyasını təmsil edən funksionerlər baxışlarında dəyişiklik etdiklərini bildirməlidirlər".

Bunu AzNews.az-a açıqlamasında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib.

O deyib ki, AXCP ilə Müsavat Partiyasının birləşməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülüb: "Bir zamanlar bu ideya o qədər populyar olmuşdu ki, hətta sosial sifarişə çevrildi. AXCP-də öz qurultayında Müsavat Partiyasına birləşməyin əleyhinə olmadığı və digər tərəfdən də bu dəstəklənəcəyi təqdirdə reallaşdırılmasının mümkünlüyünə dair qərar verdi. Təəssüf ki, o zaman Müsavat Partiyası tərəfindən bizim bu qərarımıza reaksiya verilmədi. Beləcə, məsələ gündəmdən çıxdı".

F. Qəhrəmanlı Müsavat Partiyasının münasibətində dəyişiklik yoxdursa, o zaman məsələni müzakirə etməyə də ehtiyac yoxdur: "Biz bu məsələ ilə bağlı mövqeyimiz bildirmişik. Bunun bizim tərəfimizdən təkrar gündəmə gətirilməsinə də lüzum yoxdur".

Müsavat Partiyasının başqanının müavini Gülağa Asalnlı isə bildirib ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu iki partiyanın birləşməsi və Cəmil Həsənlinin də sədr olmasına dair belə bir təkliflə çıxış etməsi anlaşılmazdır: "Mən belə bir təklifin əvvəllər bir başqası tərəfindən verildiyini eşitmişəm. Rauf Arifoğlunun belə bir təklif verməsi isə mənə xeyli təəccüblü gəldi. Ümumiyyətlə, Rauf Arifoğlunun AXCP-yə münasibətində kifayət qədər mənim üçün qaranlıq olan məqamlar var. Amma o, indi bu iki partiyanın birləşməsini və həm də onun sədri olaraq Cəmil Həsənlini istəməsi mənim üçün anlaşılmazdır. Mən onun təklifi və onu əsaslandıran şərtlərlə tanış olum, yalnız bundan sonra öz fikrimi açıq şəkildə bildirəcəm".

Qeyd edək ki, Rauf Arifoğlu Lent.az-a açıqlamasında AXCP və Müsavat birləşməsi, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin isə sədr olması haqda təkliflə çıxış edib.

Bahar Rüstəmli
AzNews.az