- Köhnə - Siyasət
- 11 Sentyabr 2014 09:07
- 7 542
Müsavatın divan üzvləri kimə səs verəcək? – Fikir ayrılıqları var (SORĞU)

Müsavat partiyasının qurultayı yaxınlaşdıqca namizədlər - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy arasında rəqabət bir az da gərginləşib.
Görəsən, partiyada söz sahibi olan divan üzvləri bu namizədlərdən kimə səs verəcək?Müsavat partiyasının divan üzvü Hökümə İbrahimli AzNews.az-a sentyabrın 27-də səs verəcəyi namizədin adını açıqladı: "Mənim namizədim Qubad İbadoğludur. Mən onun tərəfindəyəm. Bütün namizədlər mənim dostlarımdı. Hamısını alqışlayıram. Hamısına hörmətim var. Onların hər birinin haqqı var. Amma mən Müsavatın yeni başqan postunda Qubad İbadoğlunu görürəm".

Müsavat başqanlığına namizəd, divan üzvü Tural Abbaslı isə özündən savayı o postda kimsəni görmür: "Namizəd olaraq, özümüzü deyil, başqasını daha layiqli bilsəydik, namizədliyimizi verməzdik. Odur ki, istər divan üzvü, istər vətəndaş, istərsə də namizəd olaraq bəyan edirəm ki, özümə səs verəcəm".

Divan üzvü İkram İsrafil isə hələ seçimini müəyyənləşdirməyib: "Hələ seçkiyə var. Ona görə də düşünməyə dəyər. Qərarımı seçkiyə yaxın açıqlayacam".

Müsavat Partiyasının divan üzvü Almaz Əliqizının fikirincə, başqanlığa namizədlərin hər birinin kifayət qədər xidməti və üstünlüyü var: "Mən ayrılıqda ad çəkmək istəməzdim. Rəhbərlikdə təmsil olunan şəxs üçün bu, düzgün deyil. Əgər mən kiminsə adını çəksəm, istər-istəməz mənə hörmət edən insanlar o tərəfə gedə bilərlər. Bu da düzgün deyil. Təbii ki, hər bir insanın özünün namizədi var. Ümumi işimizin xeyrinə bu ən düzgün addımdır".

Müsavat Partiyasının divan üzvü Vurğun Əyyub bildirdi ki, onun seçimi ilk gündən Qubad İbadoğlu olub: "Mən hələ bir neçə müddət bundan əvvəl demişəm ki, Qubad İbadoğluna səs verəcəyəm".

Digər divan üzvü Mehman Cavadoğlu dəstəklədiyi namizədin olduğunu desə də, ad çəkməkdən imtina edib: "Seçki vaxtı bu məsələlər ətrafında fikirləşəcəm və ondan sonra bu suala aydın cavab verəcəm".

Divan üzvü, tanınmış vəkil Osman Kazımov namizədinin Arif Hacılı olduğunu bildirib: "Həmişə düzgünlüyün yanında oldu. Müsavat partiyasının qurulmasında, fəaliyyətində, qorunmasında sevimli başqanımızın ən yaxınında durdu. Qarabağımızın qorunmasında əsil qarabağlılıq nümayiş etdirdi. Qarabağlı olmasan da, ən çətin günlərdə Qarabağda-qarabağlıların yanında oldu. Divanda müzakirələrdə həmişə müxalifətin birliyinin təşəbbüskarı oldu. Əksərindən fərqli olaraq, arxada bir söz, üzdə başqa söz demədi. Başqanlıq haqqı var Arif bəyin. Yanındayam qardaşımın. Mübarizəsi uğurlu olsun".
Bahar Rüstəmli
AzNews.az