Görüş baş tutdu

Görüşdə həmsədrlərin noyabr ayında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub

Parisdə Azərbaycan və Ermənistan XİN başçıları görüşdü

Oktyabrın 27-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər Naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.

Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.

AzNews.az