Karxana rəhbərlərinə vaxt verilib - Nazirlik

“Son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb”

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühitin qorunması, daş karxanalarında keçiriən monitorinqlər,ağac kəsintiləri ilə bağlı mətbuat konfransı keçirilib.

AzNews.az-ın verdiyi məlumata əsasən , tədbirdə qeyd olunub ki, ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacib və prioritet məsələ kimi daim gündəlikdədir. Bildirilib ki, ETSN tərəfindən bununla bağlı sərt tədbirlər görülür, lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə yardım və dəstəyi gözlənilir.

Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcəyini qeyd edib.

Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova görülən tədbirlərin müəyyən nəticəsi olduğunu bildirib: “Aparılan statistika və müşahidələr göstərir ki, son aylarda respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya, həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır”.

Nazir müavini Firdovsi Əliyev son 3 ay ərzində ağac kəsintisinin nəzərəçarpacaq dərəcədə azaldığını bildirib: “Bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib. Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib. Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb. Aparılan təhlillər göstərir ki, Nazirliyin “qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub. Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, Nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə Nazirlik tərəfindən təşəkkür bildirilib. Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq hələ də ağac kəsintisi tamamilə aradan qalxmayıb. Ölkə başçısının da Nazirlər kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb. Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq”.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov 217 ictimai-iaşə obyektlərində aparılan monutorinqlər barədə məlumat verib: “May ayında aparılan araşdırmalar zamanı məlum olub ki, şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız 1 şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib. Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilmiş, onlarla görüşlər keçirilmiş və qurğuların quraşdırılması məqsədilə vaxt verilmişdi. Verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir. Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik tərəfindən müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində demək olar ki, heç bir iş görülməyib”.

Ramal Bağırov həmçinin daş karxanalarında keçirilən monitorinqlərlə bağlı da məlumat verib: “ Atmosferi çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı Nazirliyə şikayət və müraciətlər daxil olur. Apardığımız monitorinqlərdə daş karxanalarında pozuntular aşkar etmişik və cərimələr tətbiq olunub. Bu pozuntuların da əsas səbəbi avadanlıqların müasir tələblərə cavab verməməsidir. Çalışırıq ki, bu problemləri aradan qaldıraq. Yeni texnologiyaların quraşdırılması üçün karxana rəhbərlərinə vaxt verilib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, ovçu bileti almaq üçün nazirliyə müraciət edilməlidir: “Həmin şəxslər test imtahanı verəcəklər, silah, quşlar və s. barədə məlumatlı olmalıdırlar”.

Departament direktoru onu da deyib ki, son 6 ayda 63 nəfər qanunsuz ov etdiyinə görə saxlanılıb: “Onlardan ümumilikdə 56 silah, 110-dan çox patron götürülüb. Aralarında əcnəbi şəxslər də var”.

Səidə Nurməmmədli,

AzNews.az