- Toplum
- 18 Mart 2019 15:07
- 4 663
Əlil də insandır!

Gözdən əlil: "Əlilliklə bağlı yanlış ictimai fikir bizi daha çox qayğılandırır"
İyirmi beş ildir ki, dostdurlar. Bir sinifdə oxuyublar, eyni partada oturublar. İndi də dostluq münasibətlərini davam etdirir, şəhəri gəzərkən, yolu keçərkən belə, bir-birinə dayaq olurlar. İkisi də birinci dərəcəli gözdən əlildir. Birinin adı Fərid, o birinin isə Seyidəmirdir. Fərid kompyuter mütəxəssisi, Seyid (dostları belə çağırır) musiqiçidir...
Doğulduqları gündən dünya işığına həsrətdirlər. Amma adi adamlar kimi kitab oxuyur, internetdən sərbəst istifadə edir və cəmiyyətdə baş verən hadisələri dəqiqliklə mənimsəyirlər.
Onların fiziki yox, mənəvi problemləri var
Hər ikisi ilə çay süfrəsində həmsöhbət olduq. İlk olaraq, söhbətə Gözdən Əlillər Cəmiyyətinin üzvü, 1984-cü il təvəllüdlü Fərid Fərmanov başladı:
- Hər bir gözdən əlil əlilliklə bağlı müəyyən problemlər yaşayır. Bu, həm onların fəaliyyətində, həm də ailəsində özünü göstərir. Biz isə çalışırıq ki, bu əngəlləri minimuma endirək. Bunun üçün də ən əsas amil təhsildir. Yüksək təhsil əldə etməklə yanaşı, peşə bacarıqlarımızı inkişaf etdirməyə çalışırıq. Bununla əlillikdən doğan problemləri bir qədər azaltmış oluruq.
Orta məktəbi başa vurduqdan sonra masaj reabilitasiya məktəbinə daxil oldum. Sonra kompyuter kurslarına getdim. Hazırda isə Gözdən Əlillər Cəmiyyətində xüsusi səsləndirmə proqramı ilə gözdən əlil uşaqlar üçün kompyuter dərslərini tədris edirəm. Birbaşa olaraq əlillərlə işlədiyimə görə, bilirəm ki, əlillərdə daha çox fiziki yox, mənəvi problemlər yaşanır. Məsələn, əgər ailədə əlil uşaq varsa, o ailədə kompleks yaranır, əlil özü də bilir ki, bu kompleks ona görədir və o, ikiqat kompleks yaşamağa başlayır. Beləliklə, əlildə özünəqapanma prosesi gedir...
Bu gün ölkədə təqribən on yeddi min 1-ci dərəcəli gözdən əlil varsa, onun on faizi təhsilə cəlb edilib. Yerdə qalan 90 faiz əlil heç “A” hərfinin necə yazıldığını da bilmir. Bu, çox məyusedici bir vəziyyətdir. Mən daha çox həmin əlillərə diqqət yönəltmək istəyərdim, çünki onların vəziyyəti daha ağırdır. Hər kəsin borcu bu cür insanları cəmiyyətə qaytarmaq olmalıdır.
Söhbətə 33 yaşlı Seyidəmir Əmirov davam edir:
- Təhsilim ortadır, özüm musiqiçiyəm, 2007-ci ildən etibarən bu sənətlə məşğulam. Musiqi dərsləri ilə hələ orta məktəbdə oxuyarkən maraqlanırdım. Düzdür, orada yaxşı dərs almadım, yaxşı öyrədən yox idi. Öz istəyimlə sonradan bu işi davam elətdirdim və üzərimdə çalışmağa başladım. Təbii ki, musiqiyə marağım olmasaydı, bacarığımı nümayiş etdirə bilməzdim...
Qeyd edək ki, Seyidəmir hazırda peşəkar sintezator ifaçısıdır.
Nəqliyyat infrastrukturunda əlillər nəzərə alınmır
Ardınca Fərid adi adamlarla gözdən əlillərin dünyanı dərk etmələri ilə bağlı müqayisələr etdi. Dedi ki, görmə sırf gözlə əlaqəli məsələ deyil. Normal insanlar dünyanı necə görürlərsə, onlar da elə dərk edirlər və duyduqlarını şərh edə bilirlər. Ətrafı gözlə görməmək onları o qədər də incitmir, sadəcə olaraq əlilliklə bağlı mövcud olan yanlış ictimai fikir onları daha çox qayğılandırır:
- Bəli, mən fiziki məhdudiyyətliyəm. Yol keçərkən kiminsə yardımına ehtiyacım var. Dünya təcrübəsinə, eləcə də bizim Konstitusiyaya görə, hər bir vətəndaş bərabərhüquqludur. Yəni sizlər hər şeydən necə istifadə edirsinizsə, mən də o cür etməliyəm. Lakin bu, çox vaxt belə alınmır. Siz yolu rahat və maneəsiz keçirsiniz, mən isə yox. Ona görə ki, bizim yollarda mənim üçün mövcud olan standartlar tətbiq edilməyib. Siz rahat şəkildə metroya düşüb kartınıza pul yükləyirsiniz, mən yükləyə bilmirəm.
Ona görə ki, burada da mənim üçün bir əngəl var. Siz avtovağzalda istədiyiniz marşrutu tapa bilirsiniz, mən isə yox. Çünki avtovağzallar tikiləndə əlil şəxslər nəzərə alınmayıb. Bax, biz bunlardan əziyyət çəkirik. Yəni fiziki məhdudiyyətli olmağımız bizə əngəl törətmir, stəkanla eyni çayı siz də içirsiniz, mən də... O ki qaldı ölkədə və dünyada baş verən hadisələrə, bəli, informasiyanın 80 %-i gözlə alınır. Biz gözlə almalı olduğumuz informasiyanı digər duyğu üzvlərimizlə alırıq. Bu gün gözdən əlil dostlarımızın əksəriyyəti fəal internet istifadəçisidir. Onlar cahanda baş verən bütün prosesləri izləyirlər.
Bu mövzuda Seyid də fikir bildirir:
- Təbii ki, ətrafda baş verən hadisələr sizə də, bizə də təsirsiz ötüşmür. İlk vaxtlar hər hansı bir yerə iş üçün müraciət edəndə müəssisənin rəhbəri fikirləşir ki, görəsən, bu işi bacaracaqmı?! Amma işi görəndən sonra baxır ki, hər şey normaldır. Sözüm ondadır ki, bu kimi məsələlər artıq geridə qalıb, hazırda işimlə bağlı təşkilatçılığı da özüm edirəm, müsiqi ansamblımızın dəstə rəhbəriyəm. Yəni hər şey insanın özündən asılıdır. Ortaya o qədər yaxşı iş çıxarmalısan ki, bu işin fonunda əlillik hiss olunmasın.
Digər məsələlərə gəldikfə, bəli, metroda əlillərlə bağlı dünya standartlarının tətbiq olunmaması bizim üçün çox böyük narahatlıq doğurur. Bu gün əlillər avtobus və metrodan çox çətinliklə istifadə edirlər. Gərək dayanacaqda dayanıb kimdənsə soruşasan ki, bu neçə nömrəli avtobusdur, hara gedir və sair. Çox istərdik ki, gözdən əlillər üçün dayanacaqda səsləndirilmə olsun - filan nömrəli avtobus yaxınlaşır və filan istiqamətdə gedir - başqa ölkələrdə olduğu kimi...
Əlil insanların peşə bacarıqlarından yararlanmaq lazımdır!
Fərid:
- Aydındır ki, sovet vaxtı tikilən obyektlərdə dünya standartları nəzərə alınmayıb. Lakin indi də yeni tikilən bir çox iaşə obyektlərində, ticarət mərkəzlərində əlillərin maneəsiz hərəkəti üçün standartlar tətbiq edilmir. Bu standartlar “ASAN xidmət” mərkəzlərində qismən də olsa təmin olunub. Mərkəzləin girişində “Bryal” əlifbasında lövhə yerləşdirilib. Amma binaya daxil olan gözdən əlil bu lövhəni necə tapmalıdır, ümumilikdə o binaya necə gedib çıxmalıdır?! Bax bunlar, sual altında qalan məsələlərdir. Avropada gözdən əlil avtobusdan düşdüyü an ayaqlarının altında rezin xətlər hiss edir. Bu xətlər vasitəsilə gözdən əlil səkiyə çıxır və xətt üzrə istədiyi istiqamətə gedə bilir.
Bizdə metro stansiyalarında isə keçidin tapılması belə mümkün deyil. Tutaq ki, xahiş elədik, biri bizə kömək etdi və keçiddən, pilləkəndən içəriyə daxil olduq. Yaxşı, bəs kartı necə yükləyək? Deyək ki, bunu da kiminsə köməyi ilə etdik, bəs turniketdən keçəndə hardan bilək ki, kartın balansından neçə qəpik çıxdı və balansda neçə qəpik qaldı, keçid üçün yaşıl işıq yandı, yoxsa yanmadı?! Fərz edin ki, bunları da atladıb düşdük platformaya, bilirsiniz ki, kənarlarda xətt var, xətdən o tərəfə keçsən, relslərə yıxılarsan. Faktiki olaraq, mən özüm bir dəfə metroda relslərin arasına yıxılmışam. Deməyim odur ki, bu kənar xətlər bir az qabarıq olmalıdır ki, gözdən əlillər onu hiss etsinlər.
Bunlarla belə, bu gün ölkəmizdə aparılan sosial-siyasət bizi qane edir. Misal üçün, son 15 ildə pensiyalar bir neçə dəfə artırılıb. Əlillər də işləməkdə maraqlı olmalıdırlar. Çünki onlar da evdən çıxmalı, işləməli və hamı kimi cəmiyyətə qarışmalıdırlar.
Digər tərəfdən, yaxşı olar ki, gözdən əlillər üçün yeni iş yerləri yaradılsın. Hər bir əlilin peşə bacarığından yararlanmaq lazımdır. Xarici ölkələrdə gözdən əlil şəxslərin işə götürülməsi bir ənənə halını alıb. Qanunvericilikdə də var ki, hər hansı bir müəssisədə işçilərin 25 nəfərindən 1-i əlil olmalıdır. Təəssüf ki, bizdə bu sahədə də boşluq var, əlillər işə götürülmür. Əlilə deməməlidirlər ki, sən otur evdə, bu qədər pensiya al və özün üçün yaşa. Axı əlil də insandır, o da həyat yoldaşının qarşısına bir kişi kimi çıxmaq istəyir!
Ucqar kəndlərdə qeydiyyata alınmayan əlillər var
Fərid əlavə edir ki, bəla doğuluşdan baş verir. Məsələn, əgər ailədə uşaq gözdən əlil doğuldusa, düşünürlər ki, artıq nəslin genində problem var. Daha sonra bu problemi gizlətməyə cəhd edirlər.
- Cəmiyyətdə əlilə qarşı yanaşma, münasibət dəyişməlidir. Bu gün ucqar kəndlərdə, dağlıq bölgələrdə qeydiyyata alınmayan əlillər var. Yazıqlar olsun onların halına ki, hər şeydən kənarda qalıblar. Biz yenə qloballaşmış dünyaya daxil ola bilmişik, özümüzü tapmışıq, amma onların belə bir imkanı yoxdur. Amma,hansısa rayonunda yaşayan bir gözdən əlil bilsə ki, burada hansısa bir gözdən əlil çalışmaqla ayda 500-600 manat qazanır, o da müəyyən işlərlə maraqlanmağa başlayacaq, işləmək üçün onda stimul yaranacaq...
Fərid və Seyidəmirlə olan maraqlı söhbəti bir az da uzatmaq olar. Çünki hər biri olduqca maraqlı və məlumatlı həmsöhbətdir. Lakin onların bir istəkləri daha var. Mətbuatdan gileylidirlər. Əlillərlə bağlı məlumatların cəmiyyətə doğru çatdırılmasını və bu sahədə təbliğat işinin düzgün qurulmasını istəyirlər. Çünki əlillərin cəmiyyətə inteqrasiyasında mətbuatın ciddi rolu var.
Elgün Mənsimov
AzNews.az