• Toplum
  • 18 İyun 10:15
  •  1 193

Rusiya ilə Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

17 iyunda Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

XİN-dən AzNews.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.

Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.