Ərdoğan İsveç və Finlandiyanın üzvlüyünə razılıq verəcək?

1952-ci ildən NATO-nun üzvü olan Türkiyə həmişə alyansın açıq qapı siyasətini dəstəkləyən mövqe nümayiş etdirib. "Soyuq müharibə"dən sonrakı dövrdə - 1999 və 2004-cü illərdə Şərqi Avropa ölkələrinin alyansa qoşulmasını dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsinin səbəbi isə bu iki Skandinaviya ölkəsinin "Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi" və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsi iddiasıdır. ABŞ, Avropa Birliyi və Böyük Britaniya da PKK-nı terror təşkilatı kimi tanıyır. Amma bu təşkilata bağlı olan YPG Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparan, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın əsas tərəfdaşıdır. Ankara həm İsveç, həm də Finlandiyanın PKK üzvlərinə qucaq açdığını deyir. İsveç terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə onun NATO-ya üzvlüyünə müsbət baxa bilməz. “Hazırda İsveçlə bağlı hazır deyilik. Çünki bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır”, - Ərdoğan qeyd edib.

2019-cu ildə Türkiyə Suriyanın şimalında YPG-yə qarşı "Sülh çeşməsi" əməliyyatı gerçəkləşdirəndən sonra İsveç və Finlandiya Türkiyəyə silah embarqosu tətbiq ediblər. Onların NATO-ya qəbul edilməsini Ankara üçün arzuedilməz edən məsələlərdən biri də budur. Türkiyənin digər arqumenti isə daha əvvəl NATO-dan çıxmış Yunanıstan və Fransanın yenidən üzvlüyə qaytarılması prosesidir. Prezident Recep Tayyip Erdoğan "soyuq müharibə" dövründə bu iki ölkənin NATO-nun hərbi qanadına qayıtmaq müraciətlərinə Türkiyənin razılıq verməsini böyük səhv adlandırıb və bu səhvin bir daha təkrarlanmayacağını vurğulayıb. Fransa və Yunanıstan Türkiyənin beynəlxalq münasibətlərdə ən çox şikayətləndiyi ölkələrdir. 1980-ci ilə qədər Türkiyə Yunanıstanın geri qayıtmasına razılıq verməsə də, həmin ilin 12 sentyabrında baş vermiş hərbi çevrilişindən sonra hakimiyyəti ələ alan hərbi xunta "Rocers Planı" adı verilən proseslə Afinanın geri dönməsinə yaşıl işıq yandırmışdı. Fransa Charles de Gaulle-un (Şarl de Qoll) prezidentliyi dövründə - 1966-cı ildə ABŞ və Britaniyanın alyansdakı üstünlüyünə etiraz əlaməti olaraq alyansın hərbi qanadından ayrılmış, onun geriyə tam dönüşü 2009-cu ilin aprelində baş vermişdi.

Lakin hazırda şərtlər müəyyən qədər dəyişmək üzrədir. Bugünə qədər olan etirazına rəğmən, Ərdoğanın müzakirələrə həvəs göstərəcəyi və alyansın genişləndirilməsində müttəfiqləriylə həmfikir olacağı gözlənilir. Burada başlıca səbəb İsveç və Finlandiya hökumətlərinin Türkiyənin tələblərini qəbul etməsidir. Digər amilə isə Qərblə əməkdaşlıqla bağlıdır. Hal-hazırda Qərb üçün İsveç və Finlandiyanın NATO-a üzvlüyü hava və su qədər vacibdir. Rusiya-Ukrayna münaqişəsində indiki şərtlər yay aylarında Kiyevin əks-həmlə əməliyyatlarını icra edəcəyi ehtimalını artırır. Bu baxımdan hərbi alyansın çətirini genişləndirmə ehtiyacı ortaya çıxır. O baxımdan Vaşinqtonun Ankara üzərində təsirlərini artıracağı dəqiqdir. Ərdoğan isə ölkə iqtisadiyyatının hazırki durumunda Qərblə əlaqələrinin normallaşmasına üstünlük verdiyi üçün bu təklifi geri çevirməyəcəyini etimal etmək olar. NATO ilə əməkdaşlığın da ön planda olacağı dəqiqdir. Məlumdur ki, Atlantik Alyansı hərbi təhlükəsizliklə yanaşı, həm də dolayı yolla iqtisadi təhlükəsizliyi də təmin edir. Bu baxımdan indiki infilyasiya şərtlərində bu təşkilatla münasibətlərin isinməsi vacibdir. Qardaş ölkənin Kosovadakı NATO kontingenti üçün əlavə hərbçi göndərməsi də gələcək yumşalma tendensiyasının təzahürlərindəndir.

Bundan əlavə, bir müddət öncə Baydenlə türk həmkarı arasında telefon danışığında üzvlüyün təsdiqinə qarşılıq olaraq Amerikanın F16-ların Türkiyəyə satışı və modernizə olunmuş versiyasının təqdimatını edəcəyi ilə bağlı mətbuatda fikirlər yayılıb. Ankaranın razı olacağını şərtləndirən digər arqument seçkilərdən sonra formalaşn yeni kabinetin tərkibidir. Yeni tərkibdə Aidə və Sosial Xidmətlər nazirinin Belçika vətəndaşı olması, Maliyyə Nazirinin İngilitərə vətəndaşı olması, Mərkəzi Bank sədrinin uzun illər Amerikada yaşaması faktı göstərir ki, yeni hökumət növbəti 5 illikdə iqtisadiyyatı dirçəltmək üçün qərblə əməkdaşlığı gücləndirəcək. 12 iyunda Türkiyə, İsveç, NATO arasında keçiriləcək görüşdə müsbət irəliləyişlər ola bilər.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi