Selcangeyt - Vüsal Məmmədov Əli Kərimlinin istefa zərurətindən yazdı

Onun bir partiya daxilində yaratdığı diktatura artıq çoxlarını bezdirib

Əli Kərimov 18 ildir ki, zəli kimi AXCP sədrliyinə yapışıb və qopmaq bilmir. Bu müddətdə partiyadan qopa biləcək hər kəs, hər şey qopub, AXCP təkhüceyrəli siyasi orqanizm kimi bölünə-bölünə gedib, bircə Əli Kərimli hələ də Elçibəy irsinə parazitlikdə davam edir. İndiyə qədər (z)Əlini heç nə yapışdığı yerdən nəinki qoparda, hətta tərpədə bilmirdi. Amma partiyadaxili diktatura yenidən çat verməyə başlayır.
Əli Kərimlinin maskası indiyə qədər də dəfələrlə yırtılıb, amma AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı ilə qızları bu işi hamıdan daha yaxşı bacardılar. Çünki hazırda Azərbaycan cəmiyyəti, xüsusilə də sosial şəbəkədə aktiv olan gənclik ailədaxili zorakılıq, qadın hüquqları məsələlərinə qarşı xüsusilə hassasdır. Ona görə də, AXCP sədrinin müavininin qızı Selcan Yağmurun açıqladığı faktlar feysbuka aydın səmada çaxan ildırım kimi düşdü: Məlum oldu ki, onun atası Fuad Qəhrəmanlı evdə arvadına və qızlarına qarşı zorakılıq edir, Əli Kərimli isə bu işin üstünü örtüb-basdırırmış. Fuad Qəhrəmanlının həyat yoldaşı, özü də AXCP fəalı olan Zümrüd Yağmura hər dəfə “Bütün kişilər arvadlarını döyür”, “Bu yaşdan sonra boşanıb, nə edəcəksən?!”, “Dözmək lazımdır, yoxsa partiyanın adına ləkə gələr” kimi fikirlərlə təzyiq edərək, faktiki ailədaxili zorakılığın gizli qalmasına, davam etməsinə rəvac verirmiş. Partiyanın xətrinə bir qadının və iki zavallı qızcığazın həyatının məhv olması, aldıqları cismanı və ən pisi, psixoloji zədələr isə Kərimlinin vecinə də deyilmiş.

Sanki taleyin ironiyasından, Azərbaycanda bu qalmaqal qopan günün səhərisi Madriddə minlərlə insan “Ailədaxili zorakılığa son!” tələbilə küçəyə çıxmışdılar. Bu, onu göstərir ki, müasir dünyada qadın hüquqları və ailədaxili aqressiya nə qədər önəmli məsələdir. Qərb ölkələrinin bu məsələdə hətta pozitiv disrkiminasiyaya (bərabər hüquqları bilərəkdən qadınların xeyrinə pozmağa) getdikləri halda, Azərbaycanda döyülən qadına “Döz, bu yaşda boşanıb, nə edəcəksən, partiyanın adına ləkə gətirərsən” şəklində təzyiq göstərən bir şəxsin partiya sədri kimi qalması orta əsr vəhşiliyinə bənzəyir.

Əgər AXCP istər ölkə daxilində, istərsə də xaricdə sivil, demokratik partiya kimi görünmək istəyirsə, bu ləkəni alnından silməli, üstünə yapışan (z)Əlini qoparmalıdır. Təşkilatda olan sağlam fikirli insanlar sübut etməlidirlər ki, AXCP - Əli Kərimli demək deyil və partiyadaxili avtoritarizmdən qurtulmalıdırlar.

Ən dəhşətlisi Kərimlinin məsələyə necə reaksiya verməsi idi. İki gün susandan sonra o, yalan, saxtakarlıq dolu və həyasızlığı ilə adamı heyrətə salan bir açıqlama yaydı. Məsələn, bildirdi ki, "Fuad bəyi rejimin qurşaqdan aşağı zərbələri qarşısında tək buraxmaq olmaz". Açması: Arvadını və qızlarını döyübsə belə, əcəb edib, biz yenə də onun tərəfini tutmalıyıq!
Bu, tamamilə absurd idi – Fuad Qəhrəmanlının ailəsinə qarşı bəyəm hansısa mücərrəd “rejim” zorakılıq edib? Yoxsa, ailənin daxilindəkli rejim haqqında informasiyanı “rejim” yayıb?! Heç biri! Bunu yayan atasının zülmündən və Əli Kərimlinin onun anasına əzazil qayınanalıq etməsindən bezən 18 yaşlı qızdır. O qız ki, dərhal Kərimlinin “troll” ordusu onun üstünə tökülüşüb, təhqir etsə də, mətanətlə dayanıb, sözündən geri çəkilmədi. Və bu baxımdan, Əli Kərimli ilə müqayisə edəndə, əsl kişi kimi davrandı!

Kərimlinin başqa bir yalanı isə o idi ki, guya Fuad Qəhrəmanlının ailəsində hər şey çoxdan olub-bitib, indi hər şey yaxşıdır. Halbuki, bu, ağ yalan idi – Hazırda cütlüyün boşanma işi Abşeron rayon məhkəməsinin icraatındadır, hazırlıq iclası 2019-cu ilin 28 avqustunda keçirilib, baxış iclası sentyabrın 26-na təyin edilib. Heç də “problemləri bitmiş” ailənin xoşbəxt sonluğuna bənzəmir. Qızların və analarının davranışından isə açıq-aşkar görünür ki, onlar “ailənin başçısına” nə qədər nifrət edirlər!

Bu yalanların üstü açılandan sonra Kərimlinin kürkünə birə düşdü və o, uduzduğu partiyada vəziyyəti düzəltmək üçün fiqurlardan birini qurban vermək qərarına gəldi: Fuad Qəhrəmanlı sədr müavinliyindən istefaya getdi. Amma həmin partiyada işlərin necə qurulduğunu bilən hər kəsə gün kimi aydındır: Onu bu addıma Əli Kərimli məcbur edib.

Hərçənd, bu, artıq gecikmiş addım idi: Çünki həmin vaxta artıq məsələ ailədaxili zoraklılıq xarakterini dəyişərək, siyasi rəng almışdı və indi əsas sual belə idi: Qadınlara qarşı aqressiyaya rəvac verən, sonra isə utanmadan yalan danışan şəxsin partiya sədri olmağa haqqı çatırmı? Məhz bu sual trollarını çıxmaqla, əksər tərəfdarlarını ona qarşı qaldırdı. Kərimli siyasi karyerası ərzində çox oyunlarla üzləşib, amma belə görünür ki, bu sual onun nöqtəsini qoyacaq. Niyə?

Əvvəla, bu hadisədən sonra Kərimli demokratiya, insan haqları kimi məsələlərdən danışmaq hüququnu qəti və birmənalı şəkildə itirdi. Bundan sonra nə vaxt həmin mövzulara toxunsa, özünün necə bir əzazil qayınana olması faktı şillə kimi üzünə vurulacaq.

İkincisi, müxalif düşərgədəki xanımların çoxu gender məsələsinə son dərəcədə həssas yanaşırlar. Bu hadisədən sonra onların Kərimlidən üzü dönüb və əgər (z)Əli yapışdığı yerdən qopmasa, AXCP-dən də birmənalı şəkildə dönəcək. Qadın isə böyük qüvvədir.

Üçüncüsü, artıq bu qalmalın səsi xaricə yayılmağa başlayr. Seksizm isə müasir Qərb siyasətçilərinin nəzərində çox ağır ittihamdır. Bu, Kərimlinin xariclə olan münasibələrini korlayacaq. Çünki müsəlman ölkəsinin balaca partiyasının avtoritar-seksist rəhbərinə dəstək vermək Qərbin özünün istənilən qurumu və siyasətçisi üçün silinməz ləkəyə çevrilə bilər.

Dördüncüsü, onun bir partiya daxilində yaratdığı diktatura artıq çoxlarını bezdirib. AXCP-də siyasətə həvəsli gənclər var ki, Kərimli faktoru onların qarşısını divar kimi kəsib. Və onlar gözəl başa düşürlər: Partiya olaraq qabağa getmək istəyirlərsə, bu divarı aşmaq lazımdır. Bu hadisə onlara şans və stimul verdi.

Bütün bunlar gözləməyə əsas verir ki, Kərimli bu dəfə özünü saldığı bataqlıqdan daha çıxa bilməyəcək. Belə görünür ki, Selcan və Sənay bacılarının Kərimlinin siyasi karyerasını bitirən şəxslər kimi tarixə düşəcəkləri istisna deyil.

Vüsal Məmmədov