Hazırda Ermənistan çox ağır siyasi və iqtisadi böhran içindədir Hazırda Ermənistan çox ağır siyasi və iqtisadi böhran içindədir
  • Tribuna
  • 17 İyul 2020 09:30
  •  14 794

Arye Qut: Azərbaycan Ordusunun gözlədiyi an yetişib

Hazırda Ermənistan çox ağır siyasi və iqtisadi böhran içindədir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər. Məlumatda bildirilir ki, atışma erməni piyada qoşunlarının Azərbaycan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələr Paşinyan rejiminin daxili elektorata hesablanmış real provokasiyasıdır. Bu qondarma “demokratik” rejim növbəti dəfə dəhşətli xarici düşmən obrazı yaratmağa, beləliklə həm əhalinin, həm də müxalifətin başını qatmağa çalışır.

AzNews.az xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

İsrailli ekspertin fikrincə, diletant Nikol Paşinyanın xalis daxili siyasət xarakterli bir məqsədi var. Nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq müddətini uzatmaq. Arye Qut deyib: “Hazırda Ermənistan çox ağır siyasi və iqtisadi böhran içindədir. “Demokrat” Paşinyana qarşı geniş müxalifət koalisiyası formalaşır, o isə hakimiyyəti qəsb etməyə yönəlmiş hərəkətlərini davam etdirir.

Ermənistanın baş naziri ondan ötrü bu namünasib vəziyyətdə üst-üstə yığılmış narazılığı, nifrəti və qəzəbi öz üzərindən Azərbaycana yönəltmək üçün hərbi provokasiyaya əl atmalı olub”.

İsrailli ekspert deyir: “28 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik yeddi Azərbaycan rayonunu işğal altında saxlayır. Beynəlxalq aləmdə qəbul edilmiş mübahisəsiz faktdır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Ermənistanın bu təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə dəfələrlə azərbaycanlı qaçqınlar və məcburi köçkünlərlə görüşmüşəm.

İnanın, onlar ermənilərin təcavüzü və qəddarlığı barədə elə dəhşətli faktlar söyləyirlər ki, bu barədə yazmaq və ucadan danışmaq da utanc gətirir. Dünya birliyi Azərbaycan torpaqlarının işğalının arxasında dayanmış, hətta bu gün də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövcud status-kvonu saxlamaq niyyətini həm mənəvi, həm də maliyyə baxımından dəstəkləyən ölkələrin adlarını yaxşı bilir”.

Qutun fikrincə, rəsmi Bakı çoxdan bildirib ki, Ermənistanla bu münaqişədə indiki status-kvo qəbuledilməzdir. Arye Qut vurğulayır: “Azərbaycanın öz müasir və kifayət qədər peşəkar silahlı qüvvələrini tətbiq etməsinin məqsədi tamamilə aydın və hamı üçün aşkardır – Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi. Üstəlik, beynəlxalq hüquq normalarına əsasən rəsmi Bakı nəinki özünümüdafiə hüququna, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin işğaldan azad olunması hüququna malikdir. Lakin təəssüf ki, bugünkü beynəlxalq münasibətlərdə amansız reallıq dünya arenasında güc faktorunun beynəlxalq hüquq amilindən daha səmərəli təsir göstərməsini sübut edir. Tovuz rayonu ətrafında baş vermiş son hadisələr bir daha sübut etdi ki, Azərbaycan daha ermənilərin heç bir provokasiyasına dözməyəcək, onun səbri çoxdan tükənib. Çox ehtimal ki, ermənilərin hər hansı provokasiyası müharibəyə gətirib çıxaracaq. Müharibə Azərbaycanın öz ərazilərini geri qaytarmasının yeganə üsuluna çevrilir. Ermənistanı yalnız güc hesabına başa salmaq mümkündür”.

İsrailli ekspert təəssüflə vurğulayır ki, indiyə qədər “silahlarını cingildədən” Nikol Paşinyan və onun müdafiə naziri David Tonoyan kimi küçədən gəlmiş populistlər başa düşmürdülər ki, müasir Azərbaycan artıq ötən əsrin 90-cı illərinin sonundakı ölkə deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin lideri, güclü və qüdrətli orduya malik olan ölkədir. Bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və bu həqiqət anı yetişib.

İsrailli ekspertin fikrincə, hamı çox yaxşı anlayır ki, yoxsul, dilənçi kökündə olan, heç bir perspektivi olmayan Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. O yazır: “İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə səfərlərim zamanı mən Azərbaycan ordusunun real döyüş ruhunu gördüm və hiss etdim. Bu gün Azərbaycan ordusunda olan həqiqi intizamı gördüm.

Paşinyan rejiminin pat vəziyyətinə düşdüyü bu mürəkkəb şəraitdə Azərbaycanın münaqişəni həll etmək üçün hərbi yoldan başqa hər hansı yolu yoxdur. Vaxtilə Karl fon Klauzevitsin yazdığı kimi, müharibə siyasətin başqa vasitələrlə davamıdır və qələbə sadəcə döyüş meydanını tutmaqdan deyil, düşmənin silahlı qüvvələrini fiziki və mənəvi baxımdan məhv etməkdən ibarətdir. Öz ölkəsini xaosa və fiaskoya sürükləyən Paşinyanın siyasi rejimini də yaxın gələcəkdə məhz belə bir məğlubiyyət gözləyir”.

İsrailli ekspertin fikrincə, son günlərin hadisələri təmas xəttində kimin kim olduğunu real şəkildə göstərir. Arye Qut vurğulayır: “Ermənistanın indiki baş naziri Ermənistanın Cənubi Qafqazda ən güclü ölkə olacağını arzulaya bilər, lakin reallıqda bu gün Ermənistan Cənubi Qafqazın ən yoxsul, dilənçi vəziyyətində olan ölkəsidir. Əhalisi 2,5 milyondan çox olmayan bu ölkədə koronavirusa yoluxanların sayı dünyada rekord səviyyədədir. Bu gün faktdır ki, koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb və ölkə dəhşətli epidemiya şəraitindədir. Paşinyan rejimi çox yaxşı başa düşür ki, ölkə tam fiasko vəziyyətindədir”.

İsrailli ekspert Arye Qut deyib: “Ermənistan hökumətinin indiki rəhbəri öz xalqını “meqaerməni” xəyallarla doydurmağı davam etdirə bilər. Bütün bunlar yalnız boş sözlər, demaqoqiya və populizmdir. Əslində isə əgər Azərbaycan BMT Nizamnaməsinin 51-ci Maddəsindən (ayrılmaz fərdi özünümüdafiə hüququ) istifadə edərək öz ərazilərini işğaldan azad etməyi qərara alarsa, bundan ötrü onun hər cür hüququ var, çünki Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Azərbaycanın 1992-ci ildə BMT tərəfindən tanınmış ayrılmaz hissəsidir.

Təəssüf ki, heç də təsəlliverici olmayan və sərt reallığı bir daha etiraf etməli oluruq: əvvəlki 27 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərini yaxınlaşdırmaq üçün həqiqi danışıqlar yoxdur. Ermənistan tərəfindən destruktiv mövqe və danışıqların real imitasiyası müşahidə olunur. Bütün bunların arxasında Paşinyanın indiki siyasi rejiminin ciddi siyasi qərarlara görə öz məsuliyyətini minimuma endirmək əhvalı və ən ciddi siyasi çağırışlarla qarşılaşmaqdan real qorxu hissi dayanır”.

Arye Qut deyir: “Paşinyan rejiminin bütün xarici və daxili siyasət davranışı sovet tipli, içəridən çürümüş Ermənistan ordusunun müasir və texnoloji cəhətdən qabaqcıl Azərbaycan ordusu qarşısında gələcək kollapsdan qorxu, vahimə və təşviş təzahürüdür. Bu gün Azərbaycan ordusu ən güclü, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Müasir müharibədə isə kimin daha müasir, yüksək texnoloji döyüş əməliyyatlarını təmin etmək vasitələri varsa, o qalib gəlir”.

Qutun fikrincə, unutmaq lazım deyil ki, Azərbaycanın müasir İsrail silahları ilə təchiz edilməsi İsrail-Azərbaycan hərbi tərəfdaşlığının yaxşı nəticəsi olub. Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı regionda qüvvələr balansını əsaslı şəkildə dəyişib və Azərbaycan silahlı qüvvələri bir neçə gün ərzində işğalçı erməni ordusunun ön xətdəki hissələrini praktiki olaraq məhv edib. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri sonda deyib: “Kim güclüdürsə, o da haqlıdır” prinsipinin müasir beynəlxalq münasibətlərdə üstünlük təşkil etdiyi bu vəziyyətdə, habelə müasir Azərbaycan ordusunun döyüş hazırlığı nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinə qarşı antiterror əməliyyatının aparılması və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi hər şeyin “yerbəyer edilməsi” üçün yəqin ki, ən yaxşı üsuldur”.