“Səfirlik xəbərindən sonra hücumlara hazır olmalıyıq”

Azərbaycanın səfirlik məsələsində gözləmə mövqeyini İsrail də anlayışla qarşılayırdı

“İndiyə kimi Azərbaycanın İsraildə səfirliyinin açılmamasının səbəbi Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə İranın narazılığını daha da artırmamaq idi”.

AzNews.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı Azərbaycanın bu il İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətini açıqlamasına münasibət bildirərkən deyib.

A.Nərimanlının sözlərinə görə, Bakıya gələn ərəb turistlərindən tutmuş İsrail istehsalı olan filmlərdə Azərbaycanın adının keçdiyi xırda kadra qədər hər şeyi özünün “dövlət təhlükəsizliyinə təhdid” kimi yozan İran regionda ən çətin anlayan ölkədir.

“Bu baxımdan, Azərbaycanın səfirlik məsələsində gözləmə mövqeyini İsrail də anlayışla qarşılayırdı.

İndi ərazilərimiz işğaldan azad olunub və prinsipcə gecikmiş işi yerinə yetirməyin önündə maneə qalmır. Məlumatlar da bu istiqamətdə prosesin başladığı yönündədir.

İranda isə artıq mart ayından etibarən, “sionist rejim Qarabağda İrana təhdiddir” iddiaları üzərindən çıxışlar edirlər.
Səfirlik xəbərindən sonra hücumların artacağına da hazır olmalıyıq, xüsusilə təcrübə dini müstəvidə müdaxilələrin ola biləcəyini istisna etmir”.