Seçkidə Ərdoğan qalib gələcək

Azərbaycan yalnız 2009-cu ildə Naxçıvan müqaviləsi ilə qurulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) deyil, bütün zamanlarda türk dünyası coğrafiyasının ana mərkəzlərindən olub.

2018-ci ildən etibarən münasibətlərimizin daha da inkişaf edərək üst səviyyəyə çıxdığı, "Şuşa Bəyannaməsi" ilə rəsmən strateji müttəfiqimizə çevrilən ən böyük türk dövlətinin ali hakimiyyət məqamına iddialı olan şəxsin "Türk yolu" adlandırdığı layihədə Azərbaycanın yer almaması ilk növbədə onun Türkiyə dövlətinin idarəçiliyi ilə bağlı siyasi vizionundan xəbər verir. Eyni zamanda bu layihənin köçürmə və reallıqdan uzaq seçki təbliğatının bir hissəsi olduğu ilə bağlı müxtəlif iddialar mövcuddur. CHP sədrinin dünənki videomüraciətində açıqladığı layihənin adı ilə coğrafiyasında təzad var. Çünki Azərbaycansız "Türk yolu" ola bilməz.

Azərbaycanın da aid olduğu "Şimal-Cənub" və "Orta Dəhliz" layihəsinin tam əksinə olan bir cizginin türk dünyasına fayda verəcəyi inandırıcı deyil. Doğrudur, qlobal tranzit dəhlizlər üçün coğrafi və iqtisadi şərtlər çox önəmlidir. Ancaq iqtisadi səmərəlilik heç də hər şey demək deyil. Mühüm geosiyasi mesajlar daşıyan belə tranzit layihələr üçün təhlükəsizlik məsələsi də mühüm əhəmiyyətə malikdir. Vaxtı ilə "Bakı-Tibilisi-Ceyhan" əsas ixrac boru kimi xəttinin maşrutu seçilərkən də məhz təhlükəsizlik və siyasi tərəfdaşlıq münasibətləri amili əsas götürülmüşdü. Əks halda yüz milyonlarla dollar vəsaitə qənaət edilər və tranzit ölkə kimi Ermənistan seçilərdi.

Qonşuları ilə stabil ve etibarlı münasibətlərə sahib olmayan, zahirdə ümmətçi, reallıqda isə panfarsist İranın "Türk Yolu" layihəsində yer alması bu layihənin təhlükəsizliyini və rentabelliyini bəribaşdan şübhə altına qoyur. "Orta dəhliz"in iqtisadi səmərəliliyini və cəlbediciliyini artırmaq üçün 42 km.lik Zəngəzur dəhlizinin açılmasına siyasi və iqtisadi investisiya qoyulması 1000 km artıq məsafədə İran ərazisinin tranzit maşrut kimi seçilməsindən daha təhlükəsiz görünür.
Azərbaycanın geosiyasi tranzit maşrutlarında iştirakından narahat olan 3 əsas dövlət var: Ermənistan, İran və Fransa. K.Kılıcdaroğlunun "həyatımın ən böyük layihəsi" adlandırdığı bu plan gerçəkləşsə belə çıxır ki, Türkiyə də adını sadaladığımız dövlətlərlə eyni mövqeyi nümayiş etdirmiş olacaq. Bu, hətta nəzəri cəhətdən belə təsəvvür edilməzdir.
Bəllidir ki, hər bir dövlətin milli maraqları çərçivəsində özünəməxsus hədəfləri olur. Bu cəhətdən strateji müttəfiklik azından regionlar üzrə hədəflərin eyniləşdirilməsi və resursların birləşdirilməsini zəruri edir. Müttəfiqlərarası münasibətlərin şəxslərüstü bir məsələ olmasının vacibliyi vurğulansa da təəssüflər olsun ki, mövcud tablo Türkiyə müxalifətinin əsad blokunun Türk birliyi ilə bağlı fərqli düşüncədə olduğunu göstərir.

Yunanıstanla münasibətlərlə bağlı "Mavi Vətən adlanan bu 200 millik ərazini öz suverenliyiniz kimi görsəniz, o zaman aqressiv və ekspansionist bir təsəvvür yaradacaqsınız", ikinci Qarabağ savaşının gedişində "Təəssüf ki, xəbərlərdə Türkiyədən Azərbaycana silah yardımı edildiyi, şayiələrə görə Azərbaycana da cihadçı qrupların göndərildiyi bildirilir" və s. kimi fikirləri ilə nəinki Azərbaycanın, hətta Türkiyəni də milli maraqlarına qarşı çıxan millət vəkili Ünal Çeviközün xarici siyasət məsələləri üzrə müşaviri olduğu partiyanın rəhbərinin bu cür yanlışlarla dolu təkliflə çıxış etməsini əslində normal qarşılamalıyıq.

Dünyanın siyasi arxitekturasına yenidən əl gəzdirildiyi hazırki dövrdə Türkiyə və Azərbaycanın avanqard rol oynadığı türk dövlətləri birliyinin siyasi və iqtisadi gücünün artırılması və qlobal güc mərkəzinə çevrilməsi üçün daha çevik və geosiyasi düşüncəyə ehtiyac var. Bu cəhətdən 14 may seçkiləri nəticəsində Türkiyəyə seçiləcək yeni prezidentin və parlamentdən çox şey asılı olacaq. Mühüm regonal güc və strateji müttəfiqimiz olan Türkiyədəki seçkiləri diqqətlə izləməyimiz təbiidir. Seçki gününə qalan zamanın azaldığı bir dönəmdə siyasi dinamikanın nəbzi Türkiyədə mövcud hakimiyyətin qalacağını, böyük ehtimalla seçkinin ilk turda R.T.Ərdoğanın xeyrinə bitəcəyini göstərir. Cəmi bir həftə sonra isə gələcək barədə siyasi mülahizələrlə yox, rəsmi nəticələrə görə danışacağıq.

Elməddin Behbud