08:36
(077) 610-22-33

Ekologiya və Təbii Sərvətlər nazirliyindən REAKSİYA

  • >
338 28 Fevral 2013 17:24 | Cəmiyyət

Nazirlik haqqında səsləndirilən ittihamlara aydınlıq gətirdi




Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 6 saylı yaşıllaşdırma idarəsinin keçmiş direktoru İlham Şahverdiyevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı ittihamlarına nazirlikdən reaksiya gəlib. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan məktubda bildirilir ki, "Azəryaşlandşaft"ASC ölkədəki yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb:

"Bu quruma nəzarət isə ETSN-ə həvalə olunub. Yəni yaşıllaşdırma işlərini bilavasitə yerinə yetirdiyindən quruyan ağacların məsuliyyəti də bu Cəmiyyətin idarələrinin üzərinə düşür. Belə ki, İ.Şahverdiyev ASC-nin 6 saylı yaşıllaşdırma idarəsinin direktoru vəzifəsinə bu Cəmiyyətin rəhbərliyi tərəfindən götürülüb, lakin işlədiyi müddət ərzində ciddi qanun pozuntularına, səhlənkarlığa yol verib.

ASC-nin mütəxəssisləri tərəfindən idarənin xidməti ərazisində aparılan araşdırmalar zamanı aşkar olunub ki, İ. Şahverdiyev işlədiyi müddət ərzində çöl-sahə işlərini düzgün təşkil etməyib. Yaşıllıqların salınması işinə səhlənkar yanaşaraq ağaclara aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilməsini təmin etməyib, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, vəzifə saxtakarlığına yol verərək yaşıllaşdırma işlərinə yetərincə işçi qüvvəsi cəlb etməyib. İşçilər arasında iş bölgüsü aparmamış, nəticədə idarənin xidməti ərazisində əkilmiş 78 min ağacdan 55538 ədədinin qurumasına yol verib və ASC - yə 91 min manat məbləğində ziyan vurub. Bütün bunlara baxmayaraq Cəmiyyətin rəhbərliyi Şahverdiyev barəsində ən yüngül inzibati tədbir müəyyənləşdirərək onu işdən azad edib".

Nazirlikdən bildirilib ki, ağacların qurumasına bu işləri birbaşa həyata keçirən "Azəryaşlandşaft"ASC cavabdehlik daşıyır və bu ASC də öz cavabdehliyinə uyğun olaraq kütləvi surətdə qurumuş ağaclara görə məsuliyyət daşıyan tabeliyindəki qurumun rəhbərinə qarşı qanunamüvafiq tədbir görməyə borcludur:

"Ağacların quruması müşahidə olunduqda hər kəsdə belə bir sual yaranır ki, bəs ETSN hara baxır? Qurumuş ağaclara görə cavabdeh şəxslər işdən azad olunduqda isə ETSN və ASC qınaq obyektinə çevrilir. Belə olan halda niyə bəzi mətbu orqanlar öz vəzifə səlahiyyətlərini yerinə yetirən ASC-yə yox, qanunsuzluq edib ağacların qurumasına bilavasitə cavabdeh olan, eyni zamanda günahlarını ört-basdır etmək üçün böhtan və şantaja əl atan şəxsə haqq qazandırır.

Qeyd edək ki, idarədə aparılan araşdırma zamanı tərtib olunmuş sənədlərdə cinayət tərkibi olduğundan toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Bununla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq zamanı Şahverdiyevin səhlənkarlıq cinayəti ilə yanaşı, həmçinin külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı etmə faktları da aşkar edilib. Belə ki, o ASC-nin texnikaları vasitəsilə idarənin xidməti ərazisində görülən işlərə dair tərtib olunmuş yol vərəqlərinə və istifadə olunmuş yanacağa dair saxta cədvəllər tərtib edib və həmin cədvəllərdə saxta imzalar edərək, guya həmin yanacağın onun şəxsi vəsaiti hesabına alınaraq maşınlara verdiyi iddiasını irəli sürüb. Bununla da dələduzluq yolu ilə ASC - dən pul tələb edib. İstintaq zamanı İ. Şahverdiyevin böhtan və yalanları tam araşdırılıb və nəticədə onun dələduzluq etdiyi və vəzifə saxtakarlığına yol verdiyi sübuta yetirilib. O, işində yol verdiyi ciddi nöqsanlara və səhlənkarlığa görə işdən azad olunmasını qəbul etmək istəməyərək şantaj yoluna əl atıb. İşə bərpa olunması məqsədilə Qaradağ rayon məhkəməsinə müraciət edib. Məhkəmə işə baxaraq onun işdən qanuni azad olunmasına dair qətnamə qəbul edib. Şahverdiyev məhkəmənin qəbul etdiyi qərarla razılaşmayaraq yenidən appelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Ümumilikdə isə vəzifəli şəxsin səhlənkarlığı, saxtakarlığı ucbatından uzun müddət ərzində çəkilən zəhmət, sərf olunan vəsait hədər getmiş, ölkədə yaşıllıqların salınmasına bilavasitə cavabdeh olan "Azəryaşlandşaft"ASC-nin reputasiyasına xələl gəlib.

Bildiririk ki, İ.Şahverdiyevin səhlənkarlığı nəticəsində quruyub məhv olmuş külli miqdarda ağac sonradan ASC-nin daxili imkanları hesabına bərpa olunub. Bir daha bəyan edirik ki, sadalanan bu əməllərinə görə Şahverdiyev barəsində hüquq-mühafizə orqanlarına ETSN-nin rəhbərliyi deyil, nüfuzuna zərbə vurulan və bu qanunsuz əməllərdən ciddi ziyan çəkən ASC müraciət edib.

Amma təəssüf ki, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir vaxtda, dövlət əmlakını taladığına, saxtakarlığa yol verdiyinə və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılan, qanun qarşısında cavab verməli olan, lakin bununla barışmaq istəməyən İ.Şahverdiyev heç bir əsasa söykənməyən yalan və böhtanlarla çıxış edir, şantaj yolu ilə məsuliyyətdən və ASC-yə vurduğu ziyanları ödəməkdən yayınmaq istəyir".

AzNews.az
Bağla X