"Ermənistan faktiki olaraq KTMT-dən gələcəkdə də çıxa bilər" -Kənan Novruzov

“Ermənistanla Rusiya arasında münasibətlər son vaxtlar pisləşən templə davam edir və bu tendensiyanın bir istiqaməti də Ermənistan-KTMT münasibətlərində öz əksini tapır. Ermənistan KTMT-dən çıxmaq istəyir. Niyə? Buna əsas kimi KTMT-nin onları müdafiə eləməli olduğunu, amma bizi müdafiə etmədiyini deyir. Verilən açıqlamaların əsas mahiyyəti və motivi bundan ibarətdir. Ancaq mən yeganə səbəbin bu olduğunu düşünmürəm və böyük ehtimalla ehtimal edirəm ki, Qərbin də Ermənistanın KTMT dən çıxması ilə bağlı təzyiqləri, direktivləri var”.

Bunu AzNews.az-a açıqlamasında "Report" İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O bildirib ki, KTMT-dən çıxması perspektivdə həm də Ermənistanın Rusiyanın təsir dairəsindən xeyli xilas olması deməkdir.

“Başqa sözlə, Rusiyanın Ermənistana təzyiq, təsir imkanlarının azalması deməkdir. Əgər Ermənistan KTMT-dən çıxarsa, Qərbin Cənubi Qafqazda Ermənistanla bağlı planlarının həyata keçməsi üçün əlavə şərait yaratmış olar. Ermənistan-KTMT münasibətlərinin təkcə ikitərəfli kontekstdə təhlilinin tərəfdarı deyiləm. Dediyim kimi, burda Qərb faktlarını nəzərə almaq lazımdır. Ermənistan gələcəkdə KTMT-dən çıxa bilər. Ermənistan faktiki olaraq KTMT-nin təlimlərində iştirak etmir, gələcəkdə də çıxa bilər. Tamamilə bunu elan edə bilər. Ancaq bunu yavaş-yavaş etməyə çalışacaq və bunu elə edəcək ki, bu əks reaksiya verməsin. Qəfildən, birdən-birə çıxsa hər nə qədər Rusiya bəzən deyirsə ki, bu Ermənistanın suveren hüququdur, amma pərdə arxasında prosesə kəskin reaksiya verə bilər. Çünki KTMT-dən çıxmaqla İrəvan Moskvaya bir növ meydan oxumuş olacaq. İkinci bir tərəfdən isə açıqlamaları ilə Mirzoyan, Simonyan da, Paşinyanın özü də belədir. Bunlar açıqlama çox danışırlar, amma baxırsan ki, içində konkret heç nə yoxdur. Mirzoyanın dediklərini də sadəcə danışmaq xətrinə danışıb desək yeridir. Ümumiyyətlə, bu görünür, Ermənistan siyasətçiləri üçün nəsə bir ümumi tendensiyadır. Bu əslində psixoloji baxımdan gərginliyin, narahatlığın və qorxunun göstəricisidir. Guya ki, KTMT dövlətləri, o cümlədən Rusiya da gəlib Azərbaycanla müharibə aparmalı idi. Belə bir şey yoxdur. Bu Rusiyanın maraqlarına uyğun deyil”.

Rəfiqə NAMAZƏLİYEVA