Cümhuriyyət qurucuları: Baş nazir Fətəli xan Xoyski - Nəsiman Yaqublunun araşdırması

Fətəli xan Xoyski 1875-ci il noyabr ayının 25-də Şəki şəhərində anadan olub. Fətəli xanın atası İskəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Onların soyadları da buradan götürülüb.

F.X.Xoyski Gəncə klassik gimnaziyasını, 1897-ci ildə isə Moskva Universitetinin hüquq fakultəsini 1-ci dərəcəli diplomla bitirib. Həmin ildə Yelizavetpol dairə məhkəməsi yanında kiçik məhkəmə məmuru vəzifəsinə təyin edilib. O, 1907-ci ildə Kutaisidə, Zuqdididə, Suxumidə, Yekaterinodar şəhərində məhkəmə sistemində çalışıb.

F.X.Xoyskinin ictimai-siyasi fəaliyyətinin əsas dövrü 1907-ci ildən başlanır. O, həmin ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət Dumasına seçilir və Dumadakı müsəlman deputatları fraksiyasına daxil olur (qeyd edək ki, F.X.Xoyski Kadet Partiyasının üzvü idi).

F.X.Xoyski Dumadakı çıxışlarında hökumətin aqrar məsələlərə dair ayrıseçkilik və köçürmə siyasətini kəskin tənqid edirdi.

1917-ci ildə Rusiyada baş verən Fevral burjua inqilabından sonra F.X.Xoyski ciddi siyasi fəaliyyətə başlayır. O, Bakıdakı Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. 1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Ümumqafqaz Müsəlmanları qurultayında iştirak edir və təşkilatçılardan olur.

1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı, 1918-ci ilin fevralın 23-də Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayır. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasında 44 deputat təmsil olunurdu ki, oraya F.X.Xoyski də daxil idi.

1918-ci ilin aprelin 22-də Zaqafqaziya müstəqil Federativ respublikası elan edilir, aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olunur. F.X.Xoyskiyə həmin hökumətdə Ədliyyə naziri vəzifəsi tapşırılır. Onun bu vəzifədəki fəaliyyəti uzunmüddətli olmur. 1918-ci ilin mayın 26-da Zaqafqaziya Seyminin son iclasında Seym buraxılır. Mayın 26-da Gürcüstan öz istiqlaliyyətini elan edir. Mayın 27-də isə Zaqafqaziya Seyminin azərbaycanlı deputatlarının fövqəladə iclasında onlar Milli Şuranın yaradılmasını elan edir, Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürürlər. 1918-ci ilin mayın 28-də keçmiş Qafqaz canişinliyinin binasında keçirilən birinci iclasda Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat verilir. F.X.Xoyski Azərbaycan Nazirlər Şurası İcraiyyə Komitəsinin sədri seçilir. Ona Azərbaycan Cümhuriyyətinin Hökumətini təşkil etmək tapşırılır. Bu hökumətdə o, Baş Nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər Naziri vəzifəsini də icra edir.

Azərbaycan Milli Şurası və Azərbaycan Hökuməti 1918-ci ilin iyunun 16-da Gəncəyə gəlir. Gəncədə mayın 25-dən üç yüz nəfər təlimatçı ilə burada olan Qafqaz İslam Ordusunun Baş komandanı Nuru Paşa ilə Azərbaycan hökuməti arasında müəyyən anlaşılmazlıq baş verir. Nuru Paşa onlara bir qədər şübhə ilə yanaşırdı. İyunun 17-də Gəncədə Milli Şuranın yeddinci iclası keçirilir və F.X.Xoyski tutduğu vəzifədən istefa verir. Geniş müzakirədən sonra F.X.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Yeni hökumətdə o, Baş Nazir vəzifəsi ilə yanaşı Ədliyyə Naziri vəzifəsini də icra edir.

Gəncədə çox çətin şəraitdə F.X.Xoyskinin ikinci Hökumət kabinəsi fəaliyyətə başlayır və o, ilk növbədə dövlət aparatının təşkili işi ilə məşğul olur. Bu müddətdə Nazirlər Şurası ilə yanaşı ayrı-ayrı nazirliklərin də idarə aparatı yaradılır.

1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra, sentyabrın 17-də F.X.Xoyskinin başçılıq etdiyi hökumətin Bakıda fəaliyyəti mümkün oldu.

1918-ci ilin noyabrın 19-da keçirilən Milli Şuranın iclasında Azərbaycan Parlamenti yaradılması haqqında Azərbaycan hökumətinin qanun layihəsi bəyənildi.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. F.X.Xoyski başçılıq etdiyi hökumətin fəaliyyəti haqqında geniş hesabat verdikdən sonra istefasının qəbulunu parlamentdən xahiş etdi. Parlament yeni hökumətə rəhbərliyi yenidən F.X.Xoyskiyə tapşırdı. Dekabrın 26-da F.X.Xoyski hökumətin proqramı və hökumət tərkibi haqqında parlamentdə çıxış etdi. O, bu hökumətdə Baş Nazirlə yanaşı, Xarici İşlər Naziri vəzifəsini də icra edirdi.

F.X.Xoyskinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində parlamentdəki çıxışları da çox önəmlidir.

F.X.Xoyski 1918-ci ilin dekabrın 26-da Azərbaycan Parlamentinin beşinci iclasında yeni təşkil etdiyi hökumətin proqramı və tərkibi haqqında məruzə etdi. Həmin məruzəsində o, çətin və qorxulu vaxtda təzə kabinə təşkilini üzərinə götürdüyünü və bunun böyük məsuliyyət olduğunu söyləyir. F.X.Xoyski qeyd edir ki, Sülh konfransında ən mühümü istiqlalımız məsələsi olacaqdır və bu ağır vəzifəni öz üzərinə götürdüyünü vurğulayır . Sonra çıxışında deyir: “Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır ki, müstəqil Azərbaycan hökuməti özgə dövlətlər ilə əlaqəyə girməyə çalışacaqdır. Bu əlaqə əvvəlcə qonşu Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü ilə də olacaqdır. Özgə məmləkətlər ilə olacaq əlaqə bir tək hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız üçün əziz və sevgili olduğuna əminiz”.

Azərbaycan Parlamentinin 1920-ci ilin 14 yanvarında Paris Sülh konfransı tərəfindən Azərbaycan istiqlaliyyətinin tanınmasına həsr olunmuş təntənəli iclasında F.X.Xoyski çıxış edir: “Möhtərəm məbuslar! May ayının 28-də, 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdir. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörd həqiqət özünün istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu”.

Azərbaycan Parlamentinin 1920-ci ilin 15 aprelində keçirilən iclasında F.X.Xoyski İran və Azərbaycan arasında müqavilələrin imzalanması ilə bağlı çıxış edir. O, imzalanan bu müqavilənin hər iki tərəf üçün faydalı olduğunu qeyd edir.

F.X.Xoyski bildirir ki, İranla altı müqavilə imzalanmışdır: ticarət, poçt və teleqraf, gömrük, tranzit və s. O, parlament üzvlərini məlumatlandırır ki, İran hökuməti artıq Azərbaycan istiqlalını tanıyır.

F.X.Xoyski çıxışında Azərbaycanın istiqlal elan etdikdən sonra düşdüyü ağır vəziyyətini, “bir kənddən digərinə getməyin qorxulu olduğunu”, “dəmir yolunun tamamilə yatdığını”, “dövlət idarələrinin dağılmasını”, “hər kəsin özü-özünə hökumət olduğunu” qeyd edir. F.X.Xoyski belə bir vəziyyətdə bütün Azərbaycan təmsilçiləri tərəfindən seçilən Milli Şuranın hökuməti təyin edib məmləkətin müqəddəratını ona tapşırdığını bildirir. O, qeyd edir ki, qısa müddətdə Türkiyə ilə müzakirələr aparıldı, sülh bağlandı, silah olmadığından qanun və asayişin bərpası mümkün olmurdu, bundan ötrü türklərə müraciət edildi, Bakı əlimizə keçdi.

F.X.Xoyski həmin dövrdə vəziyyətin necə ağır olduğunu belə ifadə edirdi: “Belə ağır vəziyyətlə bərabər, təlatüm içində qayalar arasında nazik taxta qayıqda gedən dəmirçi vəziyyətində olan hökumət qayığını elə aparmalı idi ki, daşa dəyib dağılmasın”.

F.X.Xoyski qeyd edir ki, o dövrdə zəif olduğumuzdan bizə təzyiq edənlərə qarşı dözür, onların tamahı və tələblərinə qarşı “Azərbaycan azərbaycanlılar üçündür!” şüarını qoyurduq.

F.X.Xoyski Azərbaycan Parlamentinin açılışındakı çıxışını bu sözlərlə yekunlaşdırır: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı ulduzu olmuşdur: millətin hüququ, istiqlalı və xeyri!”.

1919-cu ilin 24 dekabrında Nəsib bəy Yusifbəylinin yenidən formalaşdırdığı Nazirlər Şurasında Xarici İşlər Naziri vəzifəsi F.X. Xoyskiyə tapşırılır (həmin vaxta qədər o vəzifəni Məmməd Yusif Cəfərov icra edirdi).

F.X.Xoyskinin yeni vəzifədə ilk fəaliyyəti Zaqafqaziya respublikaları Konfederasiyasının yaradılması ilə bağlı çalışmaları oldu. Bu mənada onun 1919-cu ilin 30 dekabrında Gürcüstan və Ermənistan Xarici İşlər Nazirlərinə bu problemin öz hökumətlərində müzakirə edilib məlumatlandırma xahişi ilə bağlı teleqramı böyük əhəmiyyət daşıyır. O, bu teleqramında həmin ideyanın dəstəklənəcəyi təqdirdə Zaqafqaziya respublikaları nümayəndələrinin konfransının keçirilməsini mümkün sayır.

1920-ci ilin yanvarın 7-də Xarici İşlər Naziri F.X.Xoyski Azərbaycanın diplomatik nümayəndəsi F.Vəkilova təcili teleqram göndərib Britaniya və Gürcüstan hökumətlərinin RSFSR-lə münasibətlərinin yaradılmasını aydınlaşdırmağı xahiş edir.

F.X.Xoyskinin 1920-ci ilin fevralın 5-də RSFSR-in Xarici İşlər Naziri Q.Çiçerinə göndərdiyi növbəti cavab-notada Azərbaycanın suverenliyi və müstəqilliyi yenə əsas olaraq səslənirdi.

1920-ci ilin martın 7-də F.X.Xoyski növbəti dəfə RSFSR-in Xarici İşlər Naziri Q.Çiçerinə cavab notası göndərir. O, bu notasında da Azərbaycan hökumətinin rus və Azərbaycan xalqları arasında mehriban dostluq münasibətləri yaradılmasına tərəfdar olduğunu vurğulayır.

Bu notaların verilməsinə baxmayaraq, bolşevik Rusiyasının XI Ordusu Azərbaycan sərhədlərini keçərək müstəqil dövlətin ərazisini işğal etdi. Bu işğaldan sonra F.X.Xoyski ailəsi ilə birlikdə (onun həyat yoldaşı rus xanımı idi və F.X.Xoyski onu Ceyran adı ilə çağırırdı) Tiflisə getmişdir. Burada bir müddət yaşadıqdan sonra 1920-ci ilin iyunun 19-da Tiflisdə erməni qatilinin arxadan atdığı güllə ilə öldürülmüş və oradakı Botanika bağında (hazırda yer belə adlanır) Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun yanında dəfn edilmişdir.

F.X.Xoyskiyə qarşı terror aktını ermənilər həyata keçirsələr də(daşnak partiyasının üzvləri Aram Erkonyan, Misak Kirakosyan), bu qəsdin təşkilatçısı bolşeviklər idi. Tiflisdə bolşeviklərə qarşı çalışan F.X.Xoyski Müsavat Partiyasının rəhbərləri və Azərbaycan Ordusunun bəzi komandirləri ilə Sovet rejiminə qarşı ciddi “üsyançılar hərəkatı”na başçılıq edirdi.

F.X.Xoyskinin Tamara və Ənvər adlı iki övladı olmuşdur. F.X.Xoyskinin qızı Tamara xanım bolşevik Mirzə Davud Hüseynovla ailə qurmuşdur. 1937-ci il hadisələrində M.D.Hüseynov həbs olunub güllələndikdən sonra onun həyat yoldaşı Tamara xanımı da on il həbs cəzasına məhkum etmişdilər. Tamara xanım həbsdən sonra 90 yaşına qədər həyatda yaşamışdır.