İsveç Ukraynada "Gripen" qırıcılarını istehsal edəcək zavod açmağa hazırlaşır

İsveçin müdafiə şirkəti “Saab” Ukraynada “Gripen” döyüş təyyarələrini istehsal edəcək zavod açmaq niyyətindədir.

Bu barədə şirkətin baş direktoru Mikael Johansson “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu 150 təyyarəyə qədər tədarükü nəzərdə tutan potensial bir müqavilənin çərçivəsində planlaşdırılır. Şirkət həmçinin Ukraynada yığım, sınaq və mümkün qədər qismən istehsalın təşkilini, eləcə də Braziliya, Kanada və Avropada istehsal gücünün genişləndirilməsini nəzərdən keçirir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski və İsveçin baş naziri Ulf Kristersson 100-150 arası “Gripen E” təyyarələrinin alınmasına dair niyyət memorandumu imzalayıblar. İlk tədarüklərin üç il ərzində başlaması, müqavilənin isə 10–15 il ərzində başa çatması gözlənilir. Müqavilənin maliyyələşdirilməsinin bloklanmış Rusiya aktivləri hesabına həyata keçirilməsi müzakirə olunur, lakin bəzi Avropa ölkələri, o cümlədən Belçika, buna etirazlarını bildiriblər.