- Siyasi müzakirə
- 20:02
- 1 789
“Prezident Ramiz Mehdiyevi hörmətlə yola salmışdı, amma o, nankor çıxdı” - Deputat Azər Badamov
“Çox təəssüf ki, uzun illər dövlət rəhbərliyində çalışmış bir şəxsin belə bir məktubu üzə çıxıb. Təbii ki, hüquqi müstəvidə müvafiq addımlar atılır və onun əməllərinə qiymət veriləcəkdir”.
Bunu Teleqraf-a açıqlamasında millət vəkili Azər Badamov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib.
Azər Badamov Ramiz Mehdiyevin əməllərini dövlətə və xalqa xəyanət adlandırıb:
“Hazırda cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dünya ölkələri arasında qüdrətli dövlət kimi tanınır, onun nüfuzu artıq qəbul olunub. Bundan başqa, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti torpaqlarımızdakı 30 illik erməni işğalına son qoydurub. Bir neçə gündən sonra Zəfərimizin 5 illiyini qeyd edəcəyik. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da güclənəcək və xalqımız sülh və firəvanlıq içində yaşayacaqdır”.
Azər Badamov Ramiz Mehdiyevin 87 yaşında belə bir fikrə düşməsinə görə təəccübləndiyini bildirib:
“Çox təəssüf edirəm. Niyə bu fikrə düşübsə, cəzasını alacaq. Biz səbrlə hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik. Məhkəmə qaydasında da onun əməllərinə hüquqi qiymət veriləcək və layiqli cəzasını alacaqdır. Ramiz Mehdiyevin əməlləri çox təəccüb doğurdu. Dövlət rəhbərliyində uzun müddət çalışmış bir şəxsin belə bir hərəkətin etməsi gözlənilməz idi. Çünki, dövlət başçımız onu Ali mükafatla təltif edib böyük hörmətlə yola salmışdı. Bu hərəkəti ancaq nankorluq adlandıraram”.
Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.