02:08
(077) 610-22-33

Məftildən tapança

  • >
434 4 Mart 2013 11:52 | Cəmiyyət

Zamin Hacı

Gərək jurnalistdə, köşə yazarında bir səliqə-səhman olsun. Yoxsa birdən qabağına elə məktub çıxır ki, qalırsan çaş-baş, heç cür yada sala bilmirsən ki, bu məktubu sənə kim yazıbdır, nə üçün yazıbdır, haçan yazıbdır. Bax, bu məktubdakı kimi:

"Köşənizdə zirehli texnika ilə qoz yığmaq təklifi vermisiniz. (Mən? Lənət şeytana... Heç cür yadıma gəlmir belə bir təklif irəli sürməyim. Ümumiyyətlə, mən bəyəm Müdafiə Nazirliyində işləyirəm? Niyə orduya dair təklif verməliyəm? – Z.H.). Xidmət etdiyim hərbi hissədə də buna bənzər bir şey olmuşdu. Naryad üçün əraziyə çıxarkən bizə "Kalaşnikov" verirdilər. Orda olduğum dövrdə o silahdan hər hansı şəkildə istifadə edildiyini görmədim. Bizə söylədilər ki, bu avtomatlar Çindən alınıb və bu silaha sərf olunan polad normativdən 2 dəfə az olduğuna görə yararsızdır. 3-4 patron atmaq kifayətdir ki, istidən lüləsi əyilib aşağı sürüşsün. Bir növ, birdəfəlik şprislər kimi. Əslində bu alınan tanklardan, ZTR, PDM və digər zirehli texnikalardan təsərrüfat sahələrində, əkində, biçində, pambıq, taxıl, qoz, fındıq yığımında səmərəli istifadə olar. Traktorları, kombaynları isə cəbhə bölgəsinə göndərmək lazımdır. Almanlar öz hərbi əməliyyatlarını "Barbarossa", amerikalılar "Səhrada tufan" adlandırdıqları kimi, biz də "Lazım gəldi" əməliyyatı ilə düşməni yer üzündən siləcəyik".

İndi bu məktubu yazan nə demək istəyir ki? Ümumiyyətlə, belə məktub varmı? Bəlkə düşmən kəşfiyyatı bu məktubu özündən uydurub atıbdır kompüterimin yaddaşına? Ki, dərc edək, silahlı qüvvələrimiz gözdən düşsün? Ona görə də mən hələlik məktubu dərc etmirəm. Qoy düşmən yanıb-yaxılsın, hər ehtimala qarşı.

Dünən orduda daha bir əsgərin intihar elədiyi haqda xəbər gəldi. Eyni gündə başqası da minaya düşmüşdü. Ondan bir gün qabaq başqa biri də özünü vurmuşdu. Belə xəbərləri niyə yayırlar, anlamıram. Ordu haqda məlumatlar gizli saxlanılmalıdır. Məsələn, sən baxıb görsən ki, qonşunun keçən həftə əsgər gedən oğlunu tabutda gətiriblər, qapılarına qoyublar – üzünü döndər. Baxma. Qoy düşmən sevinməsin. Pərtlikdən yanıb tökülsünlər. Torpaq - əgər uğrunda ölən varsa vətəndir! Poqonları poqon yapan üstündəki qandır! Bəli!

Mən bizim əsgərlərin niyə intihar elədiyini bilirəm, bir neçə dəfə yazmışam, ancaq oxuyan, vecinə alan olmamışdır. Səbəb heç də "istədikləri qız ərə gedib, ondan məktub gəlib" uydurmaları deyil. Azərbaycan ordusunda intiharlara yalnız bir səbəb var: atəşkəs. Paradoksal görünsə də, səbəb budur. İzah edim.

Hər bir ordu müəyyən məqsədlərlə yaradılır. Ya gedib haranısa işğal eləmək, ya vətəni müdafiə üçün. (Villa, arvad-uşaq qorumaq üçün də ordular olur, ancaq bizim mövzumuz deyil). Atəşkəs məqsədiylə ordu yaradılması – bu, absurddur. Əsgəri orduya çağırıb əlinə silah verirsənsə, o bundan hansısa məqsədlə istifadə etməlidir. Cəbhə xəttində hərbi təlimlər də keçib həmin mənfi hərbçi enerjisinin vaxtaşırı boşalmasına səbəb olmaq çətindir. O üzdən silahı günlərlə qucaqlayıb boş-boş gəzən əsgər bilmir nə etsin. Məqsədsiz silahın insanda yaratdığı depressiya inanılmaz dərəcədə ağırdır. Öz başıma gəlib, tam ciddi yazıram. Cəbhə xəttində xidmətim dövründə mənim özümün ciddi şəkildə intihar haqda fikirləşdiyim ən azı 2 gün olub. (Hesab edin siz oxucuların bəxti gətirmişdir).

Bəs çıxış yolu nədir? Atəşkəs davam etdikcə əsgərlərimiz də intihar edəcəkmi? Məncə bunun asan həll yolu vardır: əsgərlərə oyuncaq silahlar vermək. Onsuz da qarşılıqlı razılaşma var, heç kim o birinin səngərini pozmur. Taxta tüfənglər, məftil tapançalar, quşatanlar və sairə ilə silahlanmış orduda intihar da olmayacaqdır.

Uzağı, hərbi hissə komandirinə gerçək tüfəng, qalanlarına oyuncağını vermək olar. İntihar eləmək istəyən komandirə raport yazsın, silahı əldə eləsin və sairə. Yəni, prosedur çətinləşsin. Təbii, hərbi sirri qorumaq lazımdırsa, heç bu yeni qaydanın tətbiqi açıqlanmasın. Xalqın övladları da sapsağlam evlərinə dönsünlər, yapokratiya quruculuğunda fəal iştirak etsinlər. Ura!


Bağla X