06:47
(077) 610-22-33

Şahin Sultanovun həbsinə hazırlıq – Vitse-admiralın cinayətləri aşkarlanıb

  • >
6 103 12 Mart 2014 11:36 | Hadisə

Dünən Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovunu həbsinə hazırlıq gedir.

AzNews.az-a daxil olan məlumata görə, keçmiş komandan həbs olunan silahdaşlarının ifadələri əsasında istintaqa cəlb ediləcək.

Məlumatda bildirilir ki, Zakir Həsənov müdafiə naziri postuna təyina olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. Artıq Ş. Sultanovun yaxın ətrafı və münasibətdə olduğu keçmiş xidmət yoldaşları ilə bir müddət əvvəl halallaşdığı haqda informasiyalar da mövcuddur.

Xatırladaq ki, Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasından sonra HDQ-da başlanan daxili təhqiqat prosesi Ş. Sultanovun əsas adamlarının, yüksək rütbəli zabitlərin həbsi və işdən kənarlaşdırılması ilə müşayiət olunmağa başlayıb.

Son üç ayda HDQ-nın ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub.

HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555" adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev də həbs olunanlar arasındadır. Hər üç şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bundan başqa Elxan Hacıyevin oğlu Rövzat Hacıyev də HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çıxarılaraq, istintaqa cəlb edilib.

Mənbə bildirir ki, bu şəxslər ifadələrində törətdikləri qanunsuz əməlləri Şahin Sultanovun əmri ilə həyata keçirdiklərini bildiriblər. Bütün bu ifadələr isə komandan barədə təhqiqatlar aparmaq və onu həbs etmək üçün kifayət qədər əsas verir.

Aparılan yoxlamalar və onun əleyhinə olan ifadələrdən başqa, Şahin Sultanovun adının indiyə qədər bir sıra neqativ məsələlərdə hallanması da "qələmin qırılmasına" təkan verib.

Belə ki, Bayıl qəsəbəsində keçmiş hərbi şəhərcikdəki evlərin plana düşməsindən Ş.Sultanovun külli miqdarda pul qazanması, Bayraq Meydanının tikintisi ilə əlaqədar hərbi hissənin köçürülməsi üçün dövlət tərəfindən ayrılmış vəsaitin mənimsənilməsi barədə yayılan məlumatlar bir daha araşdırılıb.

Məlum olub ki, onun işlərini görən E.Hacıyev bu proseslərdə əsas iştirakçı olub.

Bundan başqa Ş.Sultanovun göstərişi ilə E. Hacıyevin hərbi gəmilər vasitəsilə qaçaqmalçılıq yolu ilə gəmi avadanlıqlarını satması, qanunsuz metal satışı, hərbi obyektləri, onların altındakı torpaqları balansdan silərək öz adlarına saxta sənədlər əldə etməsi, Bakıda, Abşeron yarımadasının müxtəlif yerlərində, Qubada, Qusarda, Şəkidə villalar alması, hissənin əsgər və işçilərini bu villarada qanunsuz işlətməsi, işçiləri rüşvətlə vəzifələrə təyin etməsi, hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər edilməsi, zabitlərin məhkəmə qərarı olmadan məcburi şəkildə evlərindən çıxarılması və s. cinayətlər barədə mediada yayılan məlumatlar də bir daha gözdən keçirilib.

Onu da xatırladaq ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin 2013-cü il aprelin 2-də, axşam saatlarında evinə qayıdarkən döyülməsi faktı ilə bağlı şübhəli şəxs kimi ifadəsi alınan şəxslərdən birinin də Elxan Hacıyev olduğuna dair məlumat da açıqlanmışdı.

Məlumata görə, bütün bunlar, aidiyyəti qurumlarda geniş müzakirə olunub və Ş. Sultanovun cəzalandırılıması üçün qanunvericilik çərçivəsində addımlar atılması tövsiyə edilib.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.

Azər
AzNews.az
Bağla X