Şimal-Cənub nəqliyyat dəhlizi üzrə təqribən 20 faiz çox yük daşınıb - Prezident

"Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə"

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb.

Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyada Vladimir Putinlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"İkitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə.
Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq "Sputnik V" vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq.
Sizə onu da bildirmək istərdim ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.