Bakıda din və etiqad azadlığı müzakirə edilir

Bakıda AMEA İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda beynəlxalq tərkibli respublika konfransı keçirilir.

Konfransda İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva dini təriqətlər və təhlükəsizlik məsələlərindən bəhs edən çıxışında Azərbaycanın tolerantlıq modeli olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov müasir dünyada baş verən mürəkkəb siyasi kataklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qaldığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə çıxışında Azərbaycanı müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan kimi xarakterizə edib. Bütün Qafqazın şeyxi Azərbaycanda din-dövlət münasibətlərinin sarsılmaz zəmində olduğunu və bu birliyin həmişə dövlətçiliyin möhkəmlənməsinə, vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini qeyd edib.

Konfransda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeyin, Bakı Dağ Yəhudiləri Dini İcma İdarəsinin sədri Milix Yevdayev Azərbaycanın müxtəlif konfessiyaların dinc yanaşı fəaliyyət göstərdiyi tolerant ölkə olduğunu söyləyiblər.

Plenar iclaslarla davam edən konfrans noyabrın 15-də işini yekunlaşdıracaq.

Elnarə Əlosmanqızı
AzNews.az