Elnur Nağızadə: "O rəhbərdir, vəssalam..." Elnur Nağızadə: "O rəhbərdir, vəssalam..."

“Məhz Məleykə Abbaszadədir deyə, çətinliklər çoxdur”

Elnur Nağızadə: "O rəhbərdir, vəssalam..."



"Onlar belə danışmır" layihəsində budəfəki həmsöhbətimiz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətini rəhbəri Elnur Nağızadədir.

- Elnur bəy, otağınıza daxil olan kimi ilk olaraq hansı xəbərləri oxuyursunuz? Ümumilikdə sizin maraq dairənizə hansı xəbərlər daxildir?

- Günə ilk olaraq qəzetlər, ardınca isə internet portallardakı xəbərlərlə tanış olmaqla başlayıram. Günün əsas xəbərlərinə diqqət yetirirəm, qəzetlər yaxud internet portallar nəyi təqdim edirlərsə, onu nəzərdən keçirirəm. Siyasi, ictimai, təhsillə bağlı xəbərləri oxuyuram. Bu işin başlanğıcından bizim 2-3 saatımızı alır. Bu da standart deyil. Bəzən isə tədbirlər olur və belədə o zaman məlumatları icmal xarakterli olaraq əməkdaşlardan alıram. Konkret bir seçim yoxdur ki, bu məlumat mənə daha çox maraqlıdır. Bu, gündən asılı olaraq dəyişə bilər. Hansısa mühüm hadisə olur və bununla bağlı yazılar, materiallar həmin gün üçün daha maraqlı ola bilər. Bəzən olur ki, xəbərin başlığı insanı cəlb edir, başlayırsan oxumağa. Yəni bütün oxuyacağımı öncədən şüurlu olaraq müəyyənləşdirmək mümkün deyil.

- Siz bu vəzifəyə bəzi həmkarlarınızdan fərqli olaraq mətbuatdan gəlməmisiniz. Mətbuat adamı olmadan mətbuatla işləmək çətin deyil ki?

- Atam ixtisasca jurnalist olub və bu peşə mənim üçün doğmadır. Hesab etmirəm ki, bu sahədə çalışmaq üçün mütləq jurnalistika ixtisasına sahib olmaq lazımdır. Hər halda indiyə qədər işləmişiksə və bu, heç də pis alınmırsa, deməli mümkündür. Bunu təcrübə göstərir. Bəzi hallarda jurnalist dostlarımız özləri də bunu etiraf edirlər. Çünki əsas məsələ işə yanaşmadan asılıdır. Digər tərəfdən də işə işi sevməkdən, peşəkar münasibətdən, məsuliyyətdən asılıdır. Və mən çalışıram ki, daim belə olum.

- Elnur bəy, nəsə yazırsiz?

- Bəzən olur.

- Harada çıxış edirsiz?

- "Abituriyent" jurnalında yazılarım olur, dövrü mətbuatda demək olar ki, yox.

- İstərdinizmi Elnur Nağızadə imzası dövrü mətbuatda da görünsün?

- Bəzən belə bir istəyim olur. Amma işimizin elə xüsusiyyətləri var ki, bu istəyimizi arxa plana keçirməli oluruq.

- Mətbuatda xeyli dostlar və qeyri-dostlar var. TQDK-dan ilk informasiya kimə gedir - dostlara, yoxsa qeyri-dostlara?

- Bu məsələdə tam ədalətli olmağa çalışırıq. Qətiyyən fərq qoymağa çalışmırıq. Ümumiyyətlə, TQDK - nın iş prinsipi bütün istiqamətlərdə belədir – bərabərliyi və obyektivliyi təmin etmək. Ümumiyyətlə dost olmayan jurnalist anlayışı mənim üçün yoxdur. Mənim üçün jurnalistlər anlayışı var və olur ki, hansısa informasiyanı hansısa agentliyə daha tez veririk. Bu ondan asılı olur ki, ilk sorğunu onlar göndərir. Hansısa ideya jurnalistdən gəlirsə, onun eksklüzivlik haqqı ona məxsusdur. Bu halda həmin sorğu ilə bağlı informasiya ilk olaraq ona verilir. Əgər informasiyanı özümüz yayırıqsa, o zaman birinci məsələsi olmur. Hamının elektron poçt ünvanına eyni zamanda göndərilir və saytda yerləşdirilir. Bu ayrı məsələdir ki, kim daha operativdir və həmin məlumatı daha tez yayır.

- Fəaliyyətinizdə reket jurnalistlərlə rastlaşmısınız?

- Tez - tez yox, amma tək-tək hallarda olur. Onlar da çox tez başa düşürlər ki, TQDK-da belə işlər keçməz.

- Nədənsə bütün mətbuat xidmətləri fərqli formalarda eyni fikri səsləndirir. Amma bizim də təcrübələrimz göstərir ki, bəzən bizim aça bilmədiyimiz qapıları reket adlandırılan həmin jurnalistlər rahatlıqla açır.

- Bizdə elə məsələ olmayıb və heç kəs deyə bilməz ki TQDK ilə bağlı belə hal baş verib.

- O zaman sualı belə qoyaq ki, necə tənzimləyirsiz?

- Onlar artıq özləri də bizə müraciət etmirlər. 4-5 il əvvəl bizim tədbirlərə gəlmək istəyənlər, orada görüntü yaratmaq istəyənlər, ictimaiyyət adından hansısa istəkdə bulunanlar olurdu. Amma onlar çox tez tanınırdılar və dərhal da uzaqlaşırdılar.

- Mətbuat xidmətlərini rəhbəri təmsil etdiyi qurumun üzüdür. Bu baxımdan Elnur Nağızadənin üzü nə rəngdədir?

- Mətbuat xidmətindən jurnalistlər o zaman razı olurlar ki, onlar istədikləri məlumatı operativ qaydada ala bilirlər. Bütün bunlar çox zaman işin yaxşı təşkil olunması və mətbuat xidmətindən asılı deyil. Bu, birbaşa həmin quruma rəhbərlik edən şəxsdən asılıdır. Onun mətbuata açıqlığı, informasiya verməyə nə dərəcədə meyliliyindən asılıdır. Bundan sonrakı məsələlər mətbuat xidmətinin üzərinə düşür. Jurnalistika sahəsində çalışan şəxs kimi yəqin ki, təsdiqləyərsiziniz ki, TQDK mətbuata daim açıq qurumdur. TQDK sədri qəbul kompaniyası dövründə özü hər həftə mətbuat konfransı keçirir. Bir neçə telekanalla layihələrimiz var və maarifləndirici, məlumatverici xarakter daşıyan bu layihələrin ictimaiyyətlə bərabər bizim üçün də əhmiyyəti böyükdür. Bu istiqamətdə KİV nümayəndələri bizə çox dəstək verirlər, mən onlara təşəklkürümü bildirirəm. "Üzüm nə rəngdədir" sualına gəlincə, çalışırıq ki, açıq rəng olsun. Buna nə dərəcədə nail oluruq, bunu mətbuat nümayəndələri deyə bilər.

- Bu vəzifədə işlədiyiniz müddətdə bağışlanmayan səhvinizi xatırlayırsınızmı?

- Bağışlanmayan səhv yox, amma iş belədir ki, hər kəs müəyyən səhvlərə yol verə bilər. Şükürlər olsun ki, bu səhvlər bağışlanmayacaq dərəcəyə çatmayıb. Səhvi vaxtında görmək və etiraf etmək lazımdır. TQDK-da məsləyə belə yanaşırlar. Axı istənilən yanlışlıq nə qədər tez etiraf olunursa, həmin səhvin nəticəsini aradan qaldırmaq da asan olur. Böyük səhvlərə yol verməmək üçünsə işimizə məsuliyyətlə yanaşırıq.

- Ümumiyyətlə xanım rəhbərlə işləmək çətindir? Kişilər adətən bundan şikayətlənir.

- Məleykə xanımın xarakteri elədir ki, ona münasibətdə bu yanşma yada düşmür. O rəhbərdir, vəssalam. O, işə qarşı olduqca tələbkardır. Amma bu onun qadınlığından yox, xarakterindən irəli gəlir. Buna görə qadındır deyə yox, məhz Məleykə Abbaszadədir deyə çətinliklər çoxdur.

- Mətbuat xidmətinin rəhbəri adətən sədrin, nazirin çıxışlarının müəllifi də olurlar. Elnur Nağızadə Məleykə Abbaszadə üçün çıxış yazır?

- Yox, belə bir hal olmayıb. Məleykə xanım çıxışlarını özü müəyyənləşdirir. Yalnız lazımi məlumatlar ona təqdim olunur. Elktron təqdimatlarda isə Komissiya əməkdaşları texniki məsələlərdə iştirak edirlər. Amma çıxışlarının məzmunu, mətni sırf özünə aid olur.

- Son zamanlar TQDK mətbuatın qalmaqallarla ən çox yadda qalan qurumlardan biri olub. Hər dəqiqə hansısa məsələyə münasibət bildirmək məcburiyyətində qala bilərsiz...

- Biz artıq buna alışmışıq. Tələbə qəbulu kütləvi prosesdir, minlərlə ailəni maraqlandıran, gənclərin taleyi ilə bağlı məsələdir. İlk gündən bu qaynar mühitə düşmüşük deyə buna alışmışıq, xüsusi çətinlik törətmir. Biz sanki bununla yaşayırıq. Nə qədər gərgin olsa maraqlı və zövqvericidir. O ki qaldı qalmaqallara, qalmaqallar bəzən elə məcrada inkişaf edir ki, sırf bizim istəyimizə uyğun olmur. Bir çox hallarda jurnalist dostlarımız qəsdən qızışdırırlar, qalmaqal yaradırlar, bizim işimiz də məsələnin aydınlaşdırılmasını təmin etmək olur. İctimaiyyət ağı qaradan seçməyi bacarır. Sosial şəbəkələrdə gedən müzakirələr, bizə edilən müraciətlər, apardığımız sorğular da göstərir ki, işimizə müsbət qiymət verilir. Bu bizim üçün çox xoşdur.

- Jurnalistlər üçün TQDK həmişə sirli bir qurum olub. Burada hətta başqa dövlət qurumlarında görmədiyimiz İKT təminatı, xüsusi mühafizə sistemi olub. Yəqin ki, ciddi tənqidlər də səslənir və maraqlıdır - ciddi tənqid zamanı TQDK-da ab-hava necə olur?

- Bir sıra hallarda tənqidlər o qədər əsassız olur ki, gülüşlə qarşılanır. Xüsusən son dövrlərdə. Əgər söhbət köklü tənqiddən gedirsə, səmimi deyim ki, şöbələr və hətta rəhbərlik tərəfindən çox ciddi müzakirəyə, araşdırmaya səbəb olur. Ancaq belə tənqidlərin sayı çox azdır.

- Mətbuatda hər bir çıxışınızdan sədrin xəbəri olmalıdır?

- Yox, belə bir prinsip, bütün çıxışlara Məleykə xanımın nəzarət etməsi kimi bir yanaşma yoxdur. TQDK-da insanların iş üslubuna, bacarığına qiymət verməklə yanaşı, etibar da edirlər. Bundan sonra məsələ işçinin etibarı nə dərəcədə doğrultmağına qalır.

- Dövlət qurumlarında əməkdaşların rəhbərlə münasibətinə görə də qeyri-rəsmi müəyyən bölgüsü var. Kimsə görən göz, kimsə danışan dil, kimsə düşünən beyindir. Bu baxımdan Elnur Nağızadə TQDK sədrinin nəyidir?

- Bizdə belə bir prinsip yoxdur. TQDK-da hər kəs öz vəzifəsi ilə məşğul olur. Elnur Nağızadə Məleykə Abbaszadənin mətbuat katibidir.

Elnarə Əlosmanqızı
AzNews.az