Bahadur Qobustan Bahadur Qobustan

Toy dəvətnaməsi, yox, başsağlığı

Bahadur Qobustan



Toy tutmaq yeddi başlı əjdaha kimi bir şeydi; biri var kiməsə toy tutursan, biri də var ki kimsə sənə toy tutur. Amma hərdən də elə olur ki, kimisə toyda tuturlar, ya da kimsə toyda tutuzdurur. Kimisi də toyda tutmadan qarın ağrısına tutulur. Bir də var ki , toy adama toy tutur. Bax, ən pisi də elə budur...

Toy xalqımızın gözəl adət-ənənələrindən biri olsa da, son 10-15 ildə bu gözəlliyi kölgədə qoyan bir çox əlamətlər peyda olub.

Mən o qədər də "qoca" olmadığım üçün sovet zamanındakı Azərbaycan toyları yadıma gəlmir. Amma 90-cı illərin rayon toyları xatirimdədi. Bu illərdə uşaq olsam da, əhalinin kasıb, lakin şən olmağı həmişə məni təəccübləndirirdi.

Yeniyetmə qızlarımızın şalvar geyinməsinə pis baxılan bu dönəmdə, toyda hamının qiyafəti biri-birinə uyğun idi. Qadınlar tikdirilmiş və ya dəbdə olan təxminən eyni parçadan don geyirdilər. Kişilərin də ağ köynək, qara şalvar geydiyi bir zaman idi. Camaat toya aşığa qulaq asmaq, oynayıb, şənlənmək üçün gedirdi. O zaman onun-bunun açıq yerlərinə baxmağa və qarın "otarmağa" çox da meyl yox idi.

O zaman indiki kimi masadakı yeməklərin qiyməti də kəlləçarxa çıxmırdı. Onda insanların bir kasa "bozbaşını" yeyib, Allaha şükür eləməkləri də vardı. Bir də o vardı ki, insanlar başqasının sevincinə şərik olmağı da bacarırdılar. Oynayarkən üzdə təbəssüm var idi...

O zaman iş yerləri demək olar ki, yox səviyyəsində idi. Əhalinin əksər hissəsi kasıb idi. Amma o kasıbçılığın qabağında oğlanlar indiki kimi 25-35 yaşlarında yox, 18-24 yaşlarında evlənirdilər.

Dövlət Statistika Komitəsinin saytından götürdüyüm məlumata görə, 1980-ci ildə nikaha girən oğlanın təxminən 50 faizi 18-24 yaş arasında ailə qurublar. 90-cı illərdə bu rəqəm 40 faiz olub.

2011-ci ildə 28085 oğlan (32 faiz) 18-24 yaş aralığında ailə quranlardır. Artıq hər ailə quran 2 oğlandan biri əvvəllər olduğu kimi, 18-24 yaşda deyil, 25-34 yaş arasında evlənməyə üstünlük verir. Hətta 2011-ci ilin statistikasına görə ailə quran oğlanların 13 faizi 35 və daha yuxarı yaşda evlənənlərdir.

Əsas məsələ bizim müasirləşib zad eləməyimiz deyil. Məsələ insanlarımızda mənəvi dəyərlərin və sevgi hissinin öləziməsində, pula, var-dövlətə, şöhrətə həvəsin artmasındadır.

Artıq "iki könül bir olsa, samanlıq seyran olar" misalı qüvvədən düşüb. Toyda bozbaş yeyənlərə "boz baş" kimi baxılır və onların boz başları ağarana qədər o bozbaş onların başına qaxılır. Toy edənin ən kasıbı belə stolun üstündə barmaq basılacaq qədər yer saxlamağı özünə sığışdırmır. Toy edənlər "aşığın ağına da lənət qarasına da" deyib toylarına "bərkgedən" maşınla bərkgedən müğənnilər çağırmalıdırlar.

Oğlan evi dəridən qabıqdan çıxıb qıza çoxlu qızıl almalı, qız evi isə oğlanın təzə təmirdən çıxmış evini ağzına qədər cehiz ilə doldurmalıdır...


Bir sözlə, israfçılıq və şöhrətpərəstlik bizi toy etməyə qoymur. Hamı toyunda bərk getmək istəyir. Bərkgedən toya isə bərk hazırlaşıb getmək lazımdı. Ona görə də bu bərkliyə ailə büdcəsi tab gətirə bilməyən insanlarımız dəvətnamə görəndə biri-birinə az qala başsağlığı verir...

Belə yerdə adam deməsin neynəsin: hardasan ay "bir molla, üç manat pul, bir kəllə qənd"...


AzNews.az