Yekaterinburqdakı qətliamın lentası

Rusiyada soydaşlarımıza qarşı törədilən insanlığa yaraşmayan cinayətlə bağlı xəbər tutduğum andan düşüncəm olayın sıradan bir əməliyyat harınlığı olmaması yönündə idi. Amma necə deyərlər, daşları düşüncəmdə tam yerinə oturda bilmirdim. Hüquqşünas Osman Kazimov maraqlı bir detala diqqət çəkib, o detal "MESAJ"ın şifrələrini tam çözür.

9 mayda İkinci Dünya Müharibəsinin qurbanlarını yad etmək üçün Azərbaycanda tədbirlər keçirilir. İmişlidə keçirilən tədbirdə qəfildən SSRİ bayraqları peyda olur, Saleh Səmədov adlı bir şəxs döşünə "Georgi lenti" taxaraq tədbirdə çıxış edir. Daha sonra həmin şəxs həbs olunur.

O andıra qalmış lent Rus İmperatriçəsi II YEKATİRİNA tərəfindən təsis olunub.

Səfərovlar ailəsi və digər soydaşlarımıza qarşı terror harada həyata keçirildi?

YEKATERİN-BURQ-DA!!

Bir də məsələyə hüquqşünas gözü ilə baxaq.

Xüsusi Təyinatlı Qüvvələr səhər saatlarında, eyni anda bir neçə evə basqın edirlərsə, deməli, əməliyyat hazırlanıb.

Əməliyyatı həyata keçirənlər qəddarlığa "yaşıl işıq" yandırmasalar, heç bir tim mənsubu özbaşına bu qədər aqressiya nümayiş etdirməz.

Deməli, əməliyyata cəlb olunan timlər öncədən təlimatlandırılaraq aqressivləşdiriliblər. Onların hərəkətləri, təhqirləri, hədələri də bunu deməyə əsas verir.

Bəli, bu, bir terrordur!

Harada, kimə qarşı, kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq terrorun həmişə bir məqsədi var: təşviş yaratmaq, vahimə yaymaq, göz qorxutmaq!

Ona görə də bu olay Qroznıda AZAL təyyarəsinin vurulmasının davamı kimi görünür. Azərbaycanı və azərbaycanlıları qorxutmaq istəyənlər, zənnimcə, atəşə məruz qalmış təyyarənin bələdçisi Hökumənin dik və cəsur duruşunu nəzərə almalı idilər. Bizim nə xalqımızı qorxutmaq olar, nə də dövlətimizi. 20 yanvarda rus tanklarının qarşısına əliyalın çıxanlarıq. Milyonlar şəklində meydana çıxıb hayqıranlarıq:

YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN!!!

Taleh ŞAHSUVARLI