Aktyor Füzuli Hüseynov Əli Nura görə "Azdrama"nın Bədii Şura üzvlüyündən çıxarılıb, töhmət verilib

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.

Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib

Məlumatda bildirilib ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib.

"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - məlumatda bildirilib.

Əli Nurla Füzuli Hüseynov arasında nə baş verib?

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Füzuli Hüseynovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Əli Nur dünən verdiyi açıqlamada bildirib ki, Füzuli Hüseynov ona qarşı aqressiv davranış sərgiləyib və xoşagəlməz insidentin baş verməsinə səbəb olub. Əli Nur hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdiyini deyib.

Xatırladaq ki, bu il aprel ayının 4-də Akademik Milli Dram Teatrında ("Azdrama") əlbəyaxa dava baş verməsi barədə məlumat yayılıb. Məlumatda bildirilirdi ki, Xalq artisti Əli Nur çıxışı zamanı "Azdrama"ya başqa teatrlardan aktyor və rejissorların dəvət olunmasına etiraz edib. Bundan sonra mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.

Lakin həmin vaxt Əli Nur əlbəyaxa davanın baş vermədiyini, sadəcə, mübahisə olduğunu bildirmişdi.

Aktyor dünənki açıqlamasında qeyd edib ki, “Azdrama”nın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamayıb, dava xəbərini təkzib edib.

“Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Lakin o, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.

Ailə üzvlərim haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Füzuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Füzuli Hüseynov qanun qarşısında layiqli cəzasını alacaq", - deyə Əli Nur bildirib.

AzNews.az