Şimali Koreya Cənubi Koreyanın humanitar yardımını qəbul etməyib

Şimali Koreya Cənubi Koreyanın humanitar yardım çərçivəsində göndərməyi planlaşdırdığı tibbi avadanlıqları qəbul etməkdən imtina edib. Pxenyan Seulun bu təşəbbüsünü siyasi təxribat adlandırıb.

Bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib.

“Cənubi Koreya ilə bizim mübadilə edəcəyimiz heç nə yoxdur, onunla hər hansı iş görməyə ehtiyacımız yoxdur və hətta üz-üzə görüşməyimizə də ehtiyac yoxdur. Bir daha açıq şəkildə bildirirəm ki, bu, Şimali Koreyanın dəyişməz və qəti mövqeyidir”, - deyə o bildirib.

Məlumata görə, Cənubi Koreya hakimiyyəti may ayında Şimali Koreyaya tibbi avadanlıqların göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalar komitəsinə məhdudiyyətlərdən azadolma ilə bağlı müraciət edib.

Kim Yo Çjon müraciətdə Şimali Koreyada dərman və tibbi avadanlıq çatışmazlığının, həmçinin səhiyyə sahəsində vəziyyətin pisləşməsinin qeyd edilməsini tənqid edib.

Mövsüm,
AzNews.az