Hazırda xəstəxanada araşdırmalar aparılır, qərar bundan sonra açıqlana bilər Hazırda xəstəxanada araşdırmalar aparılır, qərar bundan sonra açıqlana bilər

Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən çıxarılıb?

Hazırda xəstəxanada araşdırmalar aparılır, qərar bundan sonra açıqlana bilər



Abşeron rayon səhiyyə şöbəsinin müdiri, Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın işdən azad olunması ilə bağlı ərizəsi alınıb. Qaralovanın tezliklə səhiyyə şöbəsinin müdiri vəzifəsi ilə xudahafizləşəcəyi deyilir.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Mehriban Qaralova yaxın ətrafına bu barədə özü danışıb. O istefa ərizəsini yüksək vəzifəyə getməsi ilə əlaqələndirib.

Məlumata görə, şöbə müdiri rayonda arzuolunan kadr deyil. Rayon səviyyəsində keçirilən tədbirlərdə icra başçısı Zakir Fərəcovun qəzəbinə tuş gələn baş həkimi rayonun həkim kontingenti də sevmir. Qeyd edək ki, elə bu münasibətin təsdiqi olaraq dünən Abşeron rayon Mərkəzi Xəstəxanasının işçiləri baş həkimlə üz-üzə gəliblər. Tibbi personal baş həkimin adi davranış qaydalarına məhəl qoymaması və kobud rəftarından bezib və bununla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər. Həkimlər baş həkimin onlarla təhqirlə danışdığını, hətta xəstələrlə münasibətlərini də pozduğunu bildirib. Belə ki, xəstəxanaya ayrılan dərman preparatları ilə həkimləri təmin etmədiyindən xəstələr dərmanları özləri alır ki, bu da sonda dava-dalaşa səbəb olur.

AzNews.az Mehriban Qaralova ilə əlaqə saxlayaraq onun vəzifəsindən getməsi ilə bağlı deyilənlərə və qalmaqalın bu məsələ ilə əlaqəsinin olub-olmadığına münasibətini öyrənməyə çalışıb. Şöbə müdiri sadəcə "işdəyəm" deməklə kifayətlənib və dəstəyi asıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova ilə bağlı Səhiyyə Nazirliyinin yoxlamalarının davam etdiyini deyib: "Komissiya işləyir. Bunun neçə gün davam edəcəyini deyə bilmərəm. Bütün iddialar araşdırılır".

A.Qədirli M.Qaralovanın vəzifəsindən azad olunması üçün ərizəsinin alınması ilə bağlı məlumatı olmadığını deyib.

Görünür, M.Qaralovanın vəzifəsinin taleyi bu araşdırmalardan sonra bəlli olacaq.

Ruhiyyə
Aznews.az