Bu istiqamətdə artıq əməli addımlar atılır - DEPUTAT

“Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb. Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi indi də Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki ölkə arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Xarici işlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan həmişə Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur. Bu istiqamətdə artıq əməli addımlar atılır”.

AzNews.az