- Köhnə - Cəmiyyət
- 8 İyul 2013 20:34
- 3 111
Ermənilər azərbaycanlı əsirləri gizlədir
İtkin düşmüş 4033 nəfərdən 877 nəfərinin (o cümlədən 22 uşaq, 99 qadın, 133 qoca) əsir-girov götürülməsi, işğal edilmiş ərazilərdə sağ-salamat qalması lakin ermənilərin bunu danması barədə Dövlət Komissiyasında konkret faktlar var.
Münaqişənin başlandığı vaxtdan bu günə kimi 1402 nəfər əsir-girovluqdan azad edilib.
Hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyatında olan bir azərbaycanlı əsir Yerevanda saxlanılır. Bu, 1992-ci ildə Bakı şəhərində anadan olmuş, 2012-ci il iyul ayının 26-da Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun əsgəri, Fərəcov Firuz Mirzə oğludur.
Azərbaycanda isə 5 nəfərdən ibarət bir erməni ailəsi saxlanılır. Bu ailənin başçısı Gevorkyan Yeqişe Petroviş 10 yanvar 2010-cu il tarixdə ailə üzvləri (3 uşaq və həyat yoldaşı) ilə birlikdə xarici ölkələrdən birinə getmək məqsədilə idarə etdiyi maşınla Azərbaycan ərazisinə keçib. Ermənistana qayıtmaqdan imtina edir.
F.Sadıqov deyib ki, əsir-girovların azad edilməsi, itkinlərin axtarışı sahəsində Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyir.
"2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişi imzalanmışdır.
Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadədən ibarətdir. Başqa sözlə, itkin düşmüş şəxslərlə bağlı toplanmış məlumatlar, naməlum meyit qalıqlarının ekspertizası zamanı əldə olunan məlumatlarla tutuşdurulur və meyit qalığının kimə aid olduğu müəyyənləşdirilir. Hazırda bu proqramın reallaşdırılması sahəsində konkret işlər davam etdirilir.
Sonda bir daha xatırladım ki, biz itkinlərin axtarışı istiqamətində əlimizdən gələni etməyə çalışırıq və bunun müsbət nəticəsini də görürük. Lakin bütün itkinlər bu gün Ermənistan Respublikası qoşunlarının işğal etdiyi ərazilərdə itdiyi üçün bizim o ərazilərdə axtarış aparmaq imkanlarımız da məhduddur.
Bununla əlaqədar Ermənistanın Dövlət Komissiyasına tövsiyyəmiz ondan ibarətdir ki, heç olmasa itkin düşdüyü bildirilən öz vətəndaşlarının sayını dəqiqləşdirib onların axtarılmasını təşkil etsinlər".
AzNews.az