Müəllimlərin sayını azaldaraq maaşlarını artırmaq - VIDEO

Büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovun müəllimlərlə bağlı etdiyi açıqlama cəmiyyətdə rezonans doğurur. Bu gün Azərbaycanda çox az ev tapılar ki, orda kimsə müəllim olmasın. Böyük sosial təbəqə olan müəllim ordusu həm də dövlətdən maliyyələşən əsas kontingentir. Hər il təhsil sahəsinə 1,5 milyon manat vəsait ayrılır. Bununla yanaşı mütamadi olaraq onların əmək haqlarında artımlar da olur. Məsələn, sonuncu dəfə bu artım 10 faiz təşkil eləmişdi. Bu gün Azərbaycanda müəllimin orta aylıq əmək haqqı 120-250 manat arasında dəyişir. Müəllimlərimiz isə həmişə əmək haqlarının azlığından gileylidirlər. Bu azlığın səbəbini nazirin özü açıqlamışdı. Təklif belədir. Müəllimlərin sayı azaldılsın.

Maliyyə naziri Samir Şərifovun müəllimlərin əmək haqqının artırılması ilə bağlı son açıqlaması cəmiyyətdə geniş müzakirə olunur. Deputatların təhsil işçilərinin əmək haqqını artırmaq kimi təkliflərinə cavab olaraq, nazir maraqlı bir açıqlama etdi. Ölkədə müəllimlərin sayı həddən artıq çox olduğundan, onların dərs yükü az, əmək haqqı aşağıdır.

Bu gün ölkədəki 4500 orta məktəbdə 1,3 milyona yaxın şagirdə təxminən 170 min müəllim dərs deyir. Bu isə o deməkdir ki, ölkəmizdə 1 müəllimə təxminən 8 şagird düşür.

Dünyada qəbul olunmuş normalara görə isə, ən azı 12-13 şagirdə, 1 müəllim düşməlidir. Deməli, müəllimlərin sayını ən azı 50% azaltmaq mümkündür. Belə olarsa, 1 müəllimə düşən əmək haqqı da avtomatik 50% artacaq. Bu gün bir müəllimin orta hesabla 180 manat olan maaşı 270 manat olacaq.

Nəzərə alsaq ki, bütün bu rəqəmləri minimumla hesablamışıq, deməli müəllimlərin maaşı daha çox arta bilər.

Təhsil müəssisələrində maliyyə menecmentinin tətbiqi mümkündürmü?

Amma bu əmək haqqını artırmağın yollarından sadəcə biridir. Ali məktəblərə maliyyə muxtariyyəti verilməsi başqa bir ideyanı gündəmə gətirib. Bəlkə orta məktəblər də, öz gəlir və xərclərini özləri idarə etsinlər? Təhsil sistemində maliyyə menecmentinin tətbiqi nə dərəcədə realdır? Sovet dövründən İndiyə qədər bütün maliyyəni birbaşa büdcədən almağa öyrənən təhsil müəssisələrinin bu sistemə keçməsi asan olmasa da, mütəxəssislər bir neçə variant təklif edir.

Amma hələ ki, orta məktəblərə muxtariyyət verilmədiyindən bu məsələ hüquqi baxımdan mümkün deyil. Yəni, məktəb direktoru hətta yaxşı menecer olsa da, gəlir gətirən fəaliyyətlə məşğul ola bilməz.

Təhsil Nazirliyində isə əmin edirlər ki, orta məktəblərin maliyyələşməsi məsələsi yaxın vaxtlarda qəbul ediləcək təhsilin inkişafı üzrə dövlət strategiyasında öz həllini tapacaq. Bu strategiyada təhsilin maliyyələşdirilməsinə xüsusi yer ayrılıb. Sənəddə qeyd olunur: "Təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur".

Gözlənilir ki, müəyyən attestasiyalar, imtahanlar vasitəsilə müəllimlər qabiliyyətlərinə görə təsnifatlara ayrılacaq, buna görə də maaş alacaqlar. Bu attestasiyalar nəticəsində savadsız təhsil işçilərinin kənarda qalacağı da istisna edilmir. Yəni, artıq əsl bazar iqtisadiyyatına xas rəqabət orta məktəblərdə də olacaq. Deməli, bu iqtisadiyyatın digər alətlərinin, elə menecmentin də təhsilə tətbiqi qaçılmazdır.




AzNews.az