Məktəb direktoru saxlanıldı - Azərbaycanda

Sabirabad şəhərindəki Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


AzNews.az virtualaz.org saytına istinadən xəbər verir ki, D.Mustafayevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılıb.

Rayon sakinlərinin bildirdiyinə görə, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürüb. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əmək haqqından tuturmuş. Hətta adına kredit götürülmüş Minarə adlı müəllimə əsəb sarsıntısından bir neçə gün əvvəl dünyasını dəyişib.

İddialara görə, müdhiş kredit qalmaqalında keçmiş məktəb direktoru ilə yanaşı başqa vəzifəli şəxslərin də adı keçir.

Qeyd olunur ki, Diləfruz Mustafayeva haqqında cinayət işi başlandığı üçün o, bir neçə gün əvvəl məktəb direktoru vəzifəsindən azad olunub.