- Redaktor masası
- 12 Fevral 23:58
- 2 744
"Ramiz Mehdiyev-Əli Kərimli işi": Anım Günündə çevriliş planı, Azərbaycanı KTMT-ə ürcah etmək niyyəti
2020-ci ilin yay aylarında səbr kasası çoxdan daşmış Azərbaycanın Ermənistanla yeni müharibə ərəfəsində olduğu siyasi müşahidəçilər üçün aydın idi. Ermənistanın yeni rəhbərliyi Şuşadan, Xankəndidən və işğal altındakı digər bölgələrdən Azərbaycan xalqına və dövlətinə təhqiramiz mesajlar verir, cəmiyyət səfərbər olunur, dövlət qəti əks-hücuma hazırlaşırdı. Belə bir ortamda Fransaya sığınacaq tapmış Qənimət Zahid Əli Kərimlini efirə çıxarmış və ona mümkün müharibə ilə bağlı sual ünvanlamışdı.
Məntiqlə Əli Kərimli müxalif bir partiyanın- AXCP-nin sədri olaraq bu suala cavabında Azərbaycan iqtidarını Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün dərhal hərbi əməliyyatlara başlamağa çağırmalı idi. Ancaq onun mövqeyi azacıq düşünmək qabiliyyəti və milli heysiyyatı olan hər kəsi sarsıtdı. Əli Kərimli Azərbaycan ordusunun Ermənistana qarşı döyüş aparmaq qabiliyyətini şübhə altına aldı və sözünün əsl canı bu oldu ki, İlham Əliyev müharibəyə hazırlaşır, ancaq Milli Şura hakimiyyətə gətirələrsə, bu savaş baş verməyəcək.
Əli Kərimlinin bu açıqlamasını o günlərdə də kəskin təndiq etmişdim, sonralar da bir neçə dəfə həmin müsahibəni xatırladaraq və digər məqamları da nəzərə çatdıraraq AXCP-nin İkinci Qarabağ Savaşı ərəfəsində, 44 günlük müharibə dönəmində və ondan sonra əsla milli mövqe tutmadığını söyləmişəm. 2013-cü ildə Azərbaycana açıq xəyanət layihəsi kimi ortalığa atılmış Milli Şuranın necə formalaşdırıldığını bilən adamlar üçün AXCP və Əli Kərimlinin bu mövqeyi təəccüblü deyildi, əslində. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan tarixi bir zəfər qazanmış, bütün siyasi iddialar prezidentin Dəmir Yumruğunun kölgəsində qalmışdı. Məğlub siyasətçilərin Müzəffər Ali Baş Komandanı qısqanaraq Azərbaycanın Şanlı Zəfərinə kölgə salmağa cəhd göstərdiklərini çoxları vurğulayırdı. Ancaq sən demə məsələnin kökündə ambisiya və qısqanclıq kimi siyasi odiozluq keyfiyyətlərindən daha çox dövlətə xəyanət təmayülü dayanırmış.
Qənimət Zahidin İran kəşfiyyatının toruna düşdüyü və daha sonra heç nə olmamış kimi insanlara vətənpərvərlik dərsi keçdiyi məlumdur. Ancaq bu “vətənpərvər”in Rusiyanın Əli Kərimlini hakimiyyətə gətirəcəyi təqdirdə Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşmaq üçün danışıqlar aparması ilə bağlı DTX kimi ciddi və mötəbər bir qurumun yaydığı ifşaedici məlumat fonunda Ramiz Mehdiyev-Əli Kərimli ittifaqının inqrediyentləri artiq maskalana bilməyən siyasi oriyentasiyaların ifadəsi kimi görünür.
DTX-nın “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlamasına baxaq:
“... qabaqcadan aparılan danışıqlar nəticəsində müvafiq xarici dövlətin səlahiyyətli şəxslərinin istəyinə uyğun olaraq, “Milli Şura”nın 2013-cü ildə bu xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif edilmişdir”.
Bəli, Ramiz Mehdiyevin 2025-ci ildə, Milli Şuranın 2013-cü ildə Kremlə ünvanladıqları məktublar eyni zehniyyət nümunəsidir və bu zehniyyət 1920-ci ildə rus ordusunu Xalq Cümhuriyyətinin üstünə çağıran Əliheydər Qarayevin xain xislətinin tam eynisidir. Əliheydər Qarayevlərin Azərbaycanda iqtidara gəlməsi milli istiqlaliyyətin əldən getməsindən savayı daha nə ilə nəticələndi, bilirsinizmi? Əminəm ki, bilirsiniz, amma bir daha xatırlayaq. Öncə Zəngəzur, ardınca nə qədər ərazimiz Ermənistana peşkəş verildi, millətimizin ən aydın şəxsiyyətləri güllələndi, yaxud Sibirdə soyuqdan, aclıqdan öldürüldü. Millətləşmə prosesini uğurla və qürurla keçmiş, dövlət milləti statusu əldə etmiş bir xalq köləliyə, qorxuya, itaətkarlığa sürükləndi.
27 sentyabr Azərbaycanda Anım günüdür. İkinci Qarabağ Savaşı 2020-ci ilin məhz bu günündə başladı. Tarixi qələbəmiz üçün minlərlə Azərbaycan övladı canından keçdi. Ancaq bu məqamı da diqqətdən qaçırmayaq, şəhidlərimizin Anım günündə Ramiz Mehdiyev “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında Əli Kərimliyə çevriliş planı göndərib. Reallıq hissi ilə yanaşı bütün mənəvi məsuliyyətini itirmiş bu adamlar görəsən nədən bir-birinə bu qədər etibar ediblər? Ən inandırıcı ehtimal budur ki, onlar arasında təkcə poçtalyonlar bağlantı yaratmayıb, həm də Milli Şuranın və Ramiz Mehdiyevin məktub ünvanladığı dairələr çox-çox illər öncə dalğa və koordinatları çuğlaşdırıb.
Ancaq hazırladıqları Dövlətə Xəyanət Bəlgəsinin ünvanlandığı dairələrdə "məmnuniyyətlə qəbul ediləcəyinə" inananlardan biri haçansa katibi olduğu Dövləti, o biri administrasiyasının rəhbəri olduğu Prezidenti heç tanımayıblarmış!!!
Taleh ŞAHSUVARLI