Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini 2027-ci il mayın 28-dək uzadıb.

AzNews.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mayın 26-da təşkilatın rəsmi saytında yayımladığı bəyanatda bildirilib.

"2024-cü il mayın 27-də Avropa İttifaqı sanksiya rejiminin tətbiqi barədə qərar qəbul edib. Sanksiya rejiminin müddəti növbəti dəfə 2027-ci il mayın 28-dək uzadılıb", - deyə məlumatda qeyd olunub.

Hazırda sözügedən sanksiyalar 72 fiziki şəxsə və bir təşkilata şamil edilir. Məhdudiyyətlərə fiziki şəxslər üçün səfər qadağası, fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması, həmçinin həmin şəxslərə maliyyə və iqtisadi resursların təqdim edilməsinə qoyulan qadağalar daxildir.

Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də bildirib ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı artıq 21-ci sanksiya paketinin hazırlanmasına başlayıblar.

Onun sözlərinə görə, Brüssel, həmçinin Ukrayna üçün 90 milyard avroluq maliyyə yardımını təsdiqləyib. Bu vəsaitin Kiyevin danışıqlarda "güclü mövqedən çıxış etməsinə" kömək edəcəyi gözlənilir.