Güney Azərbaycan: Yeni məşrutə və azadlıq hərəkatı

SSRİ-nin dağılması ərəfəsində mən və yaşıdlarım pioner idik. Totalitar kommunist sistemi bizi komsomal təşkilatına hazırlayırdı. Pinoner qalstukunu boynumuza taxmadan məktəbə getsəydik, həm özümüz, həm də valideynlərimiz ciddi məzəmmətə məruz qala bilərdi. Tezdən şirinçay içərdik. Bir gün şirinçay içmədən getdik məktəbə. Bərdədə qənd və şəkər qəhətə çəkilmişdi. Fərasətli adamlar “digər rayonlardan” qənd, şəkər tozu tapıb gətirir, üstünə qəpik-quruş qoyub satırdılar. Qısa zamanda “digər rayonlarda” da qıtlıq yarandı. Lap fərasətli adamlar digər respublikalardan şəkər tozu gətirib satmağa başladılar. Yaşıdlarım yaxşı xatırlayar, analarımız şəkər tozundan şirni hazırlayardılar. Qırmızı şirniləri deyirəm. Nəhəng sovet imperiyasının iqtisadiyyatı çökmüş, fabrik və zavodlar iflas etmiş, guya 5-10 ilə kommunizm quracaq “qırmızı cəmiyyət” kənd arvadlarının hazırladığı “qırmızı şirni”yə möhtac qalmışdı. Sonrasını bilirsiniz, yazmağa hacət yoxdur.

Bu gün İranda baş verənlər SSRİ-nin son günlərini xatırladır. İran iqtisadiyyatı çöküb. Bir valyuta düşünün ki, onun dollar və evro qarşısında heç bir məzənnəsi- hətta 1 qəpik də olsun dəyəri yoxdur. Müəyyən vasitələrlə valyutaya bir qədər məzənnə qazandırmaq olar, əlbəttə. Ancaq on illərdir təzyiq altında saxlanılan ac-yalavac cəmiyyətin qəzəbini nağılla, moizəylə, xütbəylə yatırmaq olmaz. Xüsusən o halda ki, iqtisadi çöküşü yaradan elə nağılbaz, moizə oxuyan, xütbə söyləyən molla rejimidir. Molla rejiminin İranda davam etməsi mümkünsüzdür. Bütün daxili və xarici legitimliyini itirmiş, sosial etirazların qarşısını qətliamlarla almağa cəhd edən bir rejim ömrünü uzatmaq potensialına malik deyil. Sosiologiyadan bilirik ki, iqtisadi tənəzzülə uğramış, ideologiyası tükənmiş, cəmiyyətlə bağlarını tap qopartmış bir dövlətin təhlükəsizlik aparatının həddən artıq yüklənməsi sistemə qarşı itaətsizliyin qarşısını almaqdan çox, onu gücləndirməyə xidmət edir.

Düçar olduğu vəziyyət ilk növbədə İranın siyasi ontologiyasından doğur. İranda əvəlcə türk mənşəli Qacar sülaləsinin hakimiyyətinə son qoyuldu, saxta şəcərə ilə modernləşmə aparmaq istəyən Pəhləvilər tam bir faşist zehniyyəti ilə İran cəmiyyətinin etnik balansını dəyişməyə və qeyri-fars kodlarını əzməyə qərar verdilər. “Ağ İnqilab” qıraqdan cazibədar görünürdü, hətta müəyyən mənada Mustafa Kamalın Türkiyədə apardığı islahatlara bənzəyirdi. Amma Kamalizmin müasirləşdirdiyi Türkiyədən fərqli olaraq İranda heç bir prosesdə xalq iradəsi yox idi. Nəticədə milli və dini hissləri təhqir olunmuş, sərvətlərin dar bir kəsimin əlində cəmləşməsi fonunda sürətlə yoxsullaşan kütlələr məscidlər vasitəsi ilə mobilləşdirildi. İranda “islam inqilabı” gerçəkləşdi. İndi o inqilabın zəruri və uğurlu olmasına inandırılmaq istəyən gənc nəsillərin yeni həyat obrazları var. “Vilayəti-fəqih” institutu eynilə şah dövründə olduğu kimi xalqın iradəsini əks etdirmir. Soyuq müharibənin bitməsindən sonra geopolitik münasibətlərdəki boşluqları terror təşkilatları ilə doldurmaq Tehran üçün ciddi əks-təhdidlər yaradıb.

İranda baş verməsi labüd olan rejim dəyişikliyinin forması, çərçivəsi və nəticələri biz azərbaycanlıları yaxından və dərindən maraqlandırır. Biz bütün variantlara, hətta bir-birinə zidd olan və tamamilə əks mövqelər tələb edən ssenarilərə hazır olmalıyıq. Həm dövlət, həm də cəmiyyət səviyyəsində. Dövlətlərin planları, əlbəttə, ictimai müzakirəyə açıq ola bilməz. Ancaq bu ərəfədə ekspert çevrəsindən cəmiyyətimizə ünvanlanan şərh və mesajların, müşahidələrimə görə, heç də hamısı rasional, obyektiv və milli olmadı. Mən, əslində Gülüstan və Türkmənçay müqavilələri ilə Nadir Şahın yaratdığı Azərbaycan bəylərbəyliyindəki quzey xanlıqlarının təhkimçiliyin ləğv olunmadığı Rusiya tərəfindən işğalını “Allahın xoş nəsibi” və “mütərəqqi seçim” kimi təqdim edən psevdo intellektualları başa düşürəm- onlar Azərbaycan məfkurəsinə zərər verməyə təhkim olunublar. Təbrizdə Şah İsmayılın doğmaca babası Uzun Həsənin taxtına oturmasını “işğalçılıq” kimi təqdim edənlərin enində-sonunda “knyaz dost kimi, səmavi müjdəçi mələk tək, azadlıq və mərhəmət tacı ilə sərdar sarayına daxil oldu” deyə panslavist çar I Nikolayın generalı İvan Paskeviçə mədhiyyə deyən erməni yazarı Xaçatur Abovyanla eyni diskursda bütünləşməməsi təəccüblü olardı. Hər dəfə Güney Azərbaycan məsələsi gündəmə gələndə sözü hərləyib-fırlayıb “Mossad”a gətirənlərin millətləşmə prosesinin bir idealı olaraq Bütöv Azəryacan məfkurəsinin kökləri atılanda İsrailin qurulmadığını bilməmələri mümkünsüzdür. Odur ki, belələrinin bir qisminin gerçək kimliyi İranın məxfi sənədləri ilə birgə gün işığına çıxacaq və buna da təəccüblənməyəcəyik. 92,5 milyon civarındakı İran əhalisinin qarışıq nikahlardan doğulanlarla birgə yarısından bir qədər çoxunu təşkil edən, millətləşmə mərhələlərini tam keçmiş, iqtisadi, sosial, siyasi və digər sferalarda inhisar yaratmış farsların əlindən hakimiyyət alaraq Tehranda xaqanlıq quran, İranı “Türküstan” elan edən ASturançıları ciddiyə almağı isə ümumiyyətlə lazım bilmirəm.

Lakin iki məsələni lap dəqiq bilirəm.

Birincisi, Rza Pəhləvi vasitəsi ilə İranda yenidən monarxiya qurmaq yeni despotik rejim formalaşdırmaq mənasına gəlir ki, bunun mümkün olmadığına Donald Tramp da işarə etdi və revanşist şahzadənin cəmiyyətdə qarşılığı olmadığını vurğuladı.

İkincisi, Pəhləvinin İrana şah kimi qayıtmadığı təqdirdə post-Xəmneyi dövrünün ən böyük siyasi hadisəsi referendum vasitəsi ilə konstitusiya qəbul edilməsi olacaq- mən hələ ən pozitiv ssenarilərdən danışıram. İstənilən şəkildə hakimiyyətini qorumuş fars elitasının bu konstitusiyada Güney Azərbaycana vəd etdikləri isə Rza Pəhləvinin bir neçə gün öncə açıqladığı planlardan kəskin fərqlənəcəyini düşünmək sadəlövhlükdür.

Deməli, İranda proseslərin ən pozitiv ssenari ilə davam edəcəyi təqdirdə belə Güney Azərbaycan yeni bir məşrutə hərəkatı ilə üz-üzədir. Güney Azərbaycan hazırda tam bir müstəmləkə olduğundan köhnə hərəkatların təcrübəsindən ibrət götürmüş yeni məşrutə hərəkatının nüvəsini BMT Nizamnaməsinin 2-ci bəndində əks olunan xalqların bərabərlik və öz müqəddəratını təyin etmə hüququ təşkil edəcək. Müstəmləçilik siyasəti altında inləyən Cənubi Azərbaycanın öz inzibati, siyasi, mədəni, bir sözlə, milli hüquqları uğrunda kütləvi mübarizəyə başlamasından təbii heç nə yoxdur. Bu proses Tehrana qarşı Təbrizi Azərbaycan mübarizəsinin siyasi mərkəzi halına gətirəcək. Bu gün İranın taleyi Tehrandan asılı deyil, sabah da olmayacaq. Lakin Azərbaycan iddiasının ortaya qoyulmaması dünənki kimi sabah da güneyli soydaşlarımızın məhv edilməsi planına susmaq, göz yummaq, laqeyd qalmaq mənasına gəlir.

Güney Azərbaycanda yeni məşrutə və azadlıq hərəkatının ideoloji və hüquqi əsasları ilə birgə sosial daşıyıcıları da aktual mövzudur. Bu elə bir hərəkatdır ki, mübarizə yalnız ziyalı və siyasi fəalların işi ola bilməz. Soydaşlarımızın bütün təbəqələrinin prosesə cəlb olunması üçün Təbrizin tarixi şansı əldən buraxmayacaq potensial liderləri plan hazırlamalıdırlar. Digər tərəfdən, Güney Azərbaycanın bütün bölgələri arasında sosial-siyasi sinxronluq qurulmalıdır. Nəhayət, Güney Azərbaycandakı sekulyarlığa, demokratiyaya, geopolitik dəngələrə qarşı təbii baxış fərqləri boğulmamalı, lakin çevik üsullarla idarə olunmalıdır. Əks halda Tehran bu vəziyyətdən istifadə edərək bütün vasitələrlə Azərbaycan məsələsini gündəmdən çıxarmağa çalışacaq.

Taleh ŞAHSUVARLI