"Bunlar özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir"

Nazirlik hadisənin məsuliyyətinin Ovçular Cəmiyyəti rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu gün Beyləqan rayonunda brakonyerlərlə Ovcular Cəmiyyəti arasında yaşanmış insidentə münasibət bildirib.

Xatırladaq ki, ötən gecə Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə mətbuatda məlumat yayılıb.

Nazirlik ölümlə nəticələnən hadisənin "Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsi" kimi qiymətləndirib: "Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni, indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib.

Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır".

Nazirlik, AzNews.az əməkdaşına açıqlamasında bildirib ki, 2004-cü ildə "Ovçuluq haqqında" qanunun qəbul edilməsindən sonra ölkədə ovçulugun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-ə verilib.

Nazirlik sonuncu hadisənin məsuliyyətinin Ovçular Cəmiyyəti rəhbərliyinin üzərinə düşdüyünü də vurğulayıb.

Məlumat üçün deyək ki, bu gün Beyləqan rayonunda qanunsuz ov edən şəxslər Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədrini qətlə yetiriblər. Beyləqan sakini Ruhi Mahmudov dostları ilə birgə rayon ərazisində qadağan olunmuş ərazidə ov edərkən oraya gəlmiş Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsi əməkdaşlarının ərazini tərk etmək və silahları təhvil vermək tələbinə əməl etməyib. Yaranan mübahisə R. Mahmudovun atəş açması ilə nəticələnib.

Açılan atəş nəticəsində başından güllə yarası alan Ovcular Cəmiyyəti Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Onun güllə yarası almış digər iki həmkarı isə Bakıya çatdırılıb.

Yerli sakinlərin bildirdiyinə görə, brakonyerlər 5 nəfər olublar. Onlardan ikisi Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az