Sərgi 21-22 may tarixlərində baş tutacaq Sərgi 21-22 may tarixlərində baş tutacaq

"Doğulduğum torpaq" sərgisi başlayır - İçərişəhərdə

Sərgi 21-22 may tarixlərində baş tutacaq

21-22 May tarixlərində "Doğulduğum torpaq" adlı sərgi baş tutacaq.

AzNews.az xəbər verir ki, “İçərişəhər” DTMQİ çoxşaxəli fəaliyyəti dövründə hər zaman incəsənətə böyük dəyər verərək bu sahədə bir çox tədbirlər həyata keçirib. Əlbəttə ki, rəssamlıq bu sahələr içərisində daim ön sırada olub, Qoruq İdarəsi hər il onlarla rəssamın sərgisinə ev sahibliyi edib.

Bu il isə daha bir gənc rəssamımızın istedadını sənətsevərlərə tanıdacaqlar. Söhbət 17 yaşlı Səmayə Ələkbərovadan gedir. O, İçərişəhərin ən gözəl guşələrindən birində dünyaya gəlmiş və uşaqlıqdan rəssamlığın rəngarəng dünyası onu cəlb etmişdir. Səmayə özü də İçərişəhərin ab-havasının ona yaradıcılıq ruhu bəxş etdiyini bildirir. Kiçik yaşlarında dərnəklərdə iştirak edən balaca rəssam tezliklə uğur qazanaraq artıq kətan üzərində yağlı boya ilə heyratamiz əsərlər yaratmışdır. Hal-hazırda o, yaradıcılığında konkret bir istiqamət olmadığını, daha çox realizmi əks etdirdiyini söyləyir. Səmayənin əsərlərinin mərkəzində füsunkar təbiətinə, zərif milli ornamentlərinə və keşməkeşli tarixinə aşiq olduğu Azərbaycan dayanır.

Gənc xanımın gələcəkdə öz şəxsi sərgisini keçirmək arzusu isə 2019-cu ilin martında Novruz bayramı münasibətilə “İçərişəhər” DTMQİ tərəfindən təşkil edilən şənlikdə reallaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İçərişəhər sakinləri ilə görüşü əsnasında Səmayə də öz yaradıcılığından, arzularından bəhs etmiş və Mehriban xanım Əliyeva ona öz şəxsi sərgisini keçirməsi üçün dəstək olacağını bildirib.

Beləliklə, həmin gün artıq çox yaxındadır. Heydər Əliyev Fondunun dəstəyi və “İçərişəhər” DTMQİ-nin təşkilatçılığı ilə 21-22 may 2019-cu il tarixlərində İçərişəhərdə yerləşən Dördbucaqlı Qalada (Art Tower) Səmayə Ələkbərovanın “Doğulduğum torpaq” adlı ilk fərdi sərgisi açılacaq. Sərgidə müəllifin uşaqlıqda çəkdiyi natürmort və peyzaj janrlarında olan rəsmləri ilə yanaşı yaxın keçmişdə təsvir etdiyi “Nar”, “Qız Qalası”, “Neft buruqları”, “Xəzərdə gəmilər” və s. adlı Azərbaycanın gözəlliklərinə həsr edilmiş əl işləri daxil olmaqla 15 əsər yer alacaq. Müəllif ilk sərgisində doğulduğu torpağın ən gözəl və cəlbedici səhnələrini canlandırmış və buna görə də tədbir “Doğulduğum torpaq” adını qazanmışdır. Həmçinin sərgidən sonra Səmayənin əl işləri İçərişəhərdə açıq hava altında nümayiş olunacaq.

Tədbirin açılış mərasimi 21 may saat 19:00-da baş tutacaq və sərgi fəaliyyətinə 22 may saat 11:00-dən 17:00-a qədər davam edəcəkdir. Giriş sərbəstdir.

Nigar CƏFƏR

AzNews.az