Erməni-erməni qarşıdurması və Qarabağ üçün “qızıl fürsət”

Məğlub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir

Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri davam edir. Hərbçilərimiz eyni vaxtda Türkiyədə keçirilən birgə təlimlərdə iştirak edir. Silahlı qüvvələrimiz beləcə, döyüş hazırlıqlarını həm də qardaş ölkə hesabına artırmaqdadır. Dağlıq Qarabağa dair sülh danışıqlarının səmərə vermədiyi bir vaxtda bu təlimlər, güc faktoru indi xüsusilə böyük önəm kəsb edir və işğalçı Ermənistana müharibə variantından qaçmaq, konstruktiv mövqeyə gəlmək üçün aydın siqnallardır.

Diqqət çəkici məqam həmçinin ordumuzun təlimlərinin işğalçı ölkədə vəziyyətin yenidən qarışmaq üzrə olması fonunda keçirilməsidir. Təbii ki, Ermənistandakı situasiya Azərbaycan tərəfindən diqqətlə izlənilir. Çünki ərazimizin 20%-ni işğal altında saxlayan, sülh danışıqlarını daim torpedalayan təcavüzkar ölkədəki ictimai-siyasi durum bizim üçün əhəmiyyətsiz ola bilməz. Düşmən ölkənin hər hansı səbəbdən qarışması, oradakı siyasi didişmələr və bütün bunların yekunu olaraq, onun zəifləməsi əlbəttə ki, bizim marağımızdadır.

Ermənistanın eks-prezidenti, Xocalı hərbi canisi Robert Köçəryanın ikinci dəfə həbsdən çıxmasından sonra İrəvanda başlayan narazılıq dalğasının isə hələlik nə ilə nəticələnəcəyi dəqiq deyil. Ancaq görünən budur ki, tərəflər yenə “Qarabağ kartı”nı işə salıb və bir-birinə qarşı ağır ittihamlar səsləndirir, bir-birini xəyanətdə ittiham edir. Məsələn, baş nazir Nikol Paşinyan ölkənin keçmiş rəhbərlərini Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqda ittiham edib. Eyni zamanda Paşinyana qarşı ictimai narazılıq hiss olunur, Qarabağ klanına qarşı o, yetərincə qətiyyətli olmamaqda suçlanır.

*****

“Nikol Paşinyan xalqa çağırış etməklə öz acizliyini və siyasi zəifliyini bir daha sübut etdi”. Bu sözləri Axar.az-a Paşinyanın keçmiş ölkə rəhbərlərini Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqda ittiham etməsi ilə bağlı çağırışına münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ile ilgili görsel sonucu

Politoloqun sözlərinə görə, Paşinyan Köçəryanın azadlıqda olmasının onun hakimiyyəti üçün böyük təhlükə olduğunu yaxşı anlayır: “Nikol Paşinyanın xalqa çağırışı və səsləndirdiyi fikirlər çox gülünc və sərsəmdir. O, Ermənistanın keçmiş hakimiyyətini torpaqları Azərbaycana müharibə yolu ilə qaytarmaq istəməkdə ittiham edir. Paşinyan indi çox sərt mövqe ilə üzləşib. Köçəryanın azadlığa buraxılması onun hakimiyyətdə olduğu müddətdə ilk ciddi məğlubiyyətdir. Məğlub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir”.

O ki qaldı Qarabağ məsələsinə, ekspert hesab edir ki, Ermənistanda hakimiyyətdə qalmaq və güclənmək üçün bütün erməni siyasətçilər bu “kart”dan istifadə etməyə çalışır. “Paşinyan da indi Qarabağ ermənilərini öz tərəfinə çəkməyə səy göstərir, lakin bu, elə də asan məsələ deyil”, - deyə o qeyd edib.

Politoloq İrəvanda iqtidar və müxalifət arasında razılıq əldə olunmasının mümkünsüz olduğunu da söyləyib: “Nikol Paşinyanla Robert Köçəryanın razılığa gəlməsi mümkünsüzdür. Onlar arasında mübarizə daha da gərginləşəcək. Paşinyanın əsas məqsədi Köçəryanı yenidən həbsə atmaqdır. Lakin məhkəmə qərarına görə, hələlik o, həbs edilə bilməz. Bu qərar onu çox narahat edir. Çünki Paşinyan çox yaxşı başa düşür ki, Köçəryanın azadlıqda olması siyasi revanşa gətirib çıxara bilər. Sərkisyan və Köçəryan onun üçün çox ciddi rəqibdir. Qarabağ demək olar ki, hələ də onların əlindədir. Hələ ki cəmiyyətin bütünlüklə bölünməsindən söhbət getmir. Lakin gələcəkdə Paşinyanın siyasəti uğurlu nəticə verməsə, bu zaman onun reytinqi aşağı düşəcək. Bundan istifadə edən müxaliflər xalqı ikiyə bölməyə çalışacaq. Hesab edirəm ki, bu, çox uzun çəkməyəcək. Artıq sosioloji araşdırmalara görə, Paşinyanın reytinqi 30 faiz aşağı düşüb”.

“Mən düşünmürəm ki, xalqın küçələrə çıxmasının əsas səbəbi Paşinyanın çağırışı olub. Hesab edirəm ki, erməni xalqı öz iradəsi ilə küçələrə tökülüb, qatilin azadlığa çıxmasına etiraz edir”. Bunu isə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Onun sözlərinə görə, xalq təkcə Köçəryanın azadlığa çıxmasına deyil, həm də Rusiyanın ölkələrinin daxili işlərinə qarışmasına etiraz edir: “Erməni xalqı Robert Köçəryana qarşı aksiya keçirməklə düz hərəkət edir. Əli günahsız azərbaycanlıların qanına batmış caninin, həmçinin Ermənistanın özündə 2008-ci il 1 mart hadisələrində nümayişçilərə atəş əmri verən və 11 nəfərin ölümünə səbəb olan bir şəxsin azadlığa çıxması yolverilməzdir. Köçəryan hakimiyyətdə olduğu müddətdə milyonlarla dolları dövlət büdcəsindən mənimsəyib. Ermənilər hələ yaşananları unutmayıb. Xalq əslində həm də Paşinyanın Putin qarşısında olan acizliyinə etiraz edir. Bu etirazlar İrəvan daxilində hələ çox problemlərə səbəb olacaq. Qəzəbli xalq illərdir bu anı gözləyirdi. Xalq Nikol Paşinyanı hakimiyyətə gətirməklə Ermənistanın dəyişəcəyini, inkişaf edəcəyini zənn edirdi, lakin o, xalqın inamını doğrultmadı. Bütün bunların fonunda xalq ayağa qalxdı. Hesab edirəm ki, bu aksiyaların davamlı olması Ermənistanın parçalanmasına və daxili savaşın çıxmasına gətirib çıxara bilər”.

*****

Diqqətçəkicidir ki, Paşinyanın xalqa çağırışı və köhnə rəhbərliyə qarşı ittihamından sonra Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, Köçəryanın zaminə buraxılması üçün təşəbbüs göstərənlərdən biri Bako Saakyan təcili İrəvana yollanıb. O, İrəvanda Ermənistan parlamenti qarşısında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zamin durmaqla əlavə gərginlik yaratmaq istəmədiyini deyib. O, bu addımla gərginliyi azaltmağı hədəflədiyini iddia edib.

Nikol Paşinyanın “Qarabağda bəzi qüvvələr torpaqları Azərbaycana vermək istəyir” bəyanatına münasibət bildirən separatçı rejimin başçısı İrəvanın bu tip qüvvələri ortaya çıxarmaq məcburiyyətində olduğunu deyib. O, belə qüvvələrin olması ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.

Göründüyü kimi, Ermənistanda situasiya tədricən daha ziddiyyətli hal almaqda və bu zaman yenə də “Qarabağ kartı” oynanılmaqdadır. Odur ki, Azərbaycan tərəfi olaraq, biz erməni-erməni qarşıdurmasını diqqətlə izləməklə yanaşı, “qızıl fürsəti” gözləməliyik... (Musavat.com)