Paşinyan Təhlükəsizlik Şurasını topladı, Arayiki çağırmadı, amma...

İlham Əliyev açıqlamaları Ermənistanı vəlvələyə salıb

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də Təhlükəsizlik Şurasının növbəti iclasını çağırıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, iclasın gedişində bir sıra məsələlərlə yanaşı, Ermənistanın Qarabağın təhlükəsizliyi (?!-M.) müzakirə olunub.

N.Paşinyan demək olar ki, hər ay Təhlükəsizlik Şurasının toplantısını çağırır. Budəfəki iclasın Azərbaycan Prezidentinin tarixi Azərbaycan torpaqları, Zəngəzur, Göyçə, İrəvanla bağlı bu gün səsləndirdiyi və Ermənistanda böyük əks-səda doğuran fikirlərindən sonra çağırılması da maraqlı məsələdir.

Əvvəlki toplantılardan fərqli olaraq, son iki iclasda Qarabağdakı baş terrorçu Araik Arutyunyan iştirak etməsə də, toplantıda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın “təhlükəsizliyi”nin gündəliyə daxil edilməsi erməni hakimiyyətinin növbəti sərsəm addımıdır. Görünür hələ də baş verənlərdən kifayət qədər dərs çıxarmayıblar./Musavat.com