Ombudsman İƏT-in faktaraşdırıcı missiyasını Ermənistanın təxribatları barədə məlumatlandırıb

Ombudsman Aparatının məlumatı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, S.Əliyeva qonaqlara Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzkarlıq, işğalçılıq və terror siyasəti nəticəsində soydaşlarımızın insan hüquq kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilən mürahibə cinayətləri barədə ətraflı məlumat verib.

Ombudsman Səbinə Əliyeva 27 sentyabr 2020-ci il tarixindən Ermənistanın növbəti ərazi iddiaları ilə ölkəmizə qarşı təcavüzü zamanı yaşayış obyektləri, sosial infrastruktura, mədəni-tarixi abidələrə, eyni zamanda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması nəticəsində uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı və dağıntlıların olduğunu bildirib. Müvəkkil vurğulayıb ki, Azərbaycan Respublikası özünümüdafiə hüququndan istifadə edib və əzəli torpaqlarının bütövlüyünün bərpası məsqədi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun əks-həmlə əməliyyatları başlaması və 44 günlük Vətən müharibəsi nəticəsində taxiri ədalət bərqərar olunmuş və işğal altında olan ərazilərimiz azad edilmişdir.

Görüşdə səfər çərçivəsində həyata keçiriləcək faktaraşdırıcı missiya, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində müzakirələr aparılıb.

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya dəvətə görə öz dərin təşəkkürünü bildirib, faktaraşdırıcı missiyanın məqsəd və məramı haqqında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli, sədrin müavini Açıkgül Hacı Ali, Komissiya katibliyinin direktoru Javed Saqlain, Komissiya katibliyinin icraçı direktoru Butt Marghoob Saleem işğaldan azad edilmiş, həmçinin Vətən Müharibəsi zamanı hərbi əməliyyatların aparıldığı ərazilərdən uzaqda yerləşən, mülki əhali və infrastrukturlara hədəflənmiş raket hücumları nəticəsində dağıdılmış ərazilərdə birgə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Ombudsmanın dəvəti ilə Azərbaycanda rəsmi səfərdədirlər.