Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar

Bakıda Beynəlxalq Memarlıq Forumu işə başladı - FOTOLAR

Tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar

İyunun 7-də Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu öz işinə başlayıb.

Forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının iştirakı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.

Dövlət himni səsləndiriləndən sonra Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbiri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə açaraq rəhbərlik etdiyi təşkilatın Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində beynəlxalq əhəmiyyətli tədbirlər, müsabiqə və festivallar keçirdiyini, mütəmadi olaraq cəmiyyətdə memarların yerinin və rolunun gücləndirilməsi ilə məşğul olduğunu qeyd edib. Bildirib ki, Forumun keçirilməsi ötən il martın 29-da Prezident İlham Əliyevin Beynəlxalq Memarlar İttifaqının ali rəhbərliyi ilə görüşü zamanı qərara alınıb. Forumun əsas məqsədi turizmin sürətli inkişaf istiqamətlərini öyrənmək, mədəni irsin qorunması üçün mövcud və potensial ictimai siyasəti təhlil etmək, bu günün memarlığını sabahın mirası olaraq nəzərdən keçirmək, UNESCO-nun dünya irsinin statusu üçün müasir memarlıq siyahısını hazırlamaq, davamlı turizmə dair müvafiq qaydalar hazırlamaq, kütləvi turizmin təsir etdiyi tarixi şəhərlərin şəbəkəsini yaratmaqdır.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian çıxış edərək Forumun əhəmiyyətini qeyd ediblər. Ucuz səyahət imkanlarının turizm sənayesi üçün yaratdığı problemlər diqqətə çatdırılıb. Bildirilib ki, nəticədə, kütləvi turizm getdikcə dağıdıcı xarakter daşıyaraq demoqrafik dəyişikliklərə, yerli əhalinin narazılığına, qiymətlərin artmasına, tarixi mirasın və mədəni özünəxaslığın itirilməsinə gətirib çıxarır. Forum tarixi şəhərlər və turistlər arasında informasiya ahənginə nail olmaq üçün memarların və digər mütəxəssislərin müzakirə edəcəyi yolların dialoquna yönəlib.

Forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə edilib, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılıb. Qeyd edək ki, üç gün davam edəcək Forumda iştirak etmək üçün ölkəmizə 350 nəfərə yaxın xarici qonaq gəlib. Forum çərçivəsində paralel olaraq 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyasının keçirilməsi qərara alınıb.(AZƏRTAC)

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description