O, 1984-cü il fevralın 20-də Bakıda vəfat edib O, 1984-cü il fevralın 20-də Bakıda vəfat edib

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

O, 1984-cü il fevralın 20-də Bakıda vəfat edib

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anım günüdür.

AzNews.az xəbər verir ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan "Min bir gecə" və "Nəsimi" tamaşaçıların xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.