Reza Deqatinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb

Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyi münasibətilə “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

Aznews.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi tərəfindən Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünyada 40 milyona yaxın azərbaycanlı yaşayır və onlar arasında çox sayda Azərbaycanı təmsil edən insanlar var. Nazirin sözlərinə görə, Reza Deqatinin fəaliyyəti xüsusilə seçilir.

“Onun həyatı ilə bağlı sənədli və bədii filmlər hazırlanacaq. Bu sənət əsərinə baxanda görürük ki, o, dünyanın ən qaynar nöqtələrində olub, ən qaynar nöqtələrdə baş vermiş hadisələri “fotoaparatının gözü” ilə dünyaya çatdırıb.

O əsl Azərbaycan oğlu kimi ölkəmizin ağır dönəmində də, müstəqilliyimizin bərpasında da bizim yanımızda olub. Ölkəmizin işğala məruz qaldığı zaman, insanlarımızın o torpaqlardan qovulduğu zaman, soyqırımı zamanı Reza Deqati dünyanın başqa yerlərində öz işini qoyub ölkəmizə gəlmiş və burda fəaliyyət göstərmişdir. Bu da onun Azərbaycan üçün gördüyü işin ən böyük nümunəsidir. Müharibənin ən qızğın dövründə Azərbaycanın işğal olunan ərazilərini qarış-qarış gəzərək erməni vəhşiliyini dünyaya çatdırıb. Azərbaycan o zaman çox ağır informasiya blokadasında idi. Ölkəmizə qarşı silahlı müharibə ilə yanaşı informasiya müaribəsi də aparılırdı. Bu blokadanın yarılmasında ən böyük xidmət göstərənlərdən biri də məhz Reza Deqati olub və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb”.

Nazir qeyd edib ki, onun dünyanın ən mötəbər sərgi salonlarında nümayiş olunan fotoları ilə də ermənilərin ölkəmizə qarşı vəhşiliyi, soyqırımı siyasəti, mədəni abidələrimizin dağıdılması faktları dünyaya bəyan edilib.

“Reza Deqati torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi dövründə də işğaldan azad olunan ərazilərimizi günbəgün paylaşır və Azərbaycanın haqlı savaşına öz dəstəyini verirdi. Buna görə də Reza bəyə təşəkkürlərimizi bildirmək istərdik. Reza Deqati fotolarında ilk növbədə dünyaya sülh mesajlarını verib. İkinci çox önəmli mesajı humanizmdir. Təbii ki, üçüncü ən vacib mesaj da yaddaşdır. O hər bir əsərində ədalətsizliyi, müharibəni, təcavüzü tarixin yaddaşına yazıb. Hesab edirəm ki, Reza Deqati yaradıcılığı ilə bu 3 mesajı dünyaya çatdırmaqla çox böyük işlər görüb. Reza Deqati 55 illik peşə fəaliyyəti ərzində neçə-neçə mükafat qazanıb. Amma hesab edirəm ki, ona verilən ən böyük mükafat ötən gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsidir”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da Reza Deqatinin fəaliyyətindən söz açıb. Onun Birinci Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı faciəsi kimi xalqımızın ən ağır günlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olduğunu bildirib.

“Biz o fotolara hər zaman baxırıq. Bir tərəfdən insan dəhşətə gəlir. O fotolara gözü yaşlı baxmamaq olmur. Digər tərəfdən isə onun ölkəmizin təbiəti, ənənələri ilə bağlı çəkdiyi fotolar indanda heyranlıq yaradır - deyə o qeyd edib.

Daha sonra tədbir xalq artisti Mənsum İbrahimov, əməkdar artist Sahib Paşazadə və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.