Ötən il azad edilmiş ərazilərdə 41 dini abidə dövlət qeydiyyatına alınıb

Ötən il Bakı şəhərində 3 məsçid, 1 kilsə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 20 türbə, 4 monastır, 13 məbəd dövlət qeydiyyatına alınıb.

AzNews.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

O bildirib ki, məscidlər, kilsələr, monastırlar, türbələr, ziyarətgahlar və digər dini tikililər yalnız tarixi memarlıq abidələri deyil, onlar əsrlər boyu formalaşmış mənəvi dəyərlərin, dini ənənələrin və müxtəlif icmaların birgə yaşayış tarixinin canlı şahididir:

"Azərbaycan tarixən müxtəlif dinlərin qovuşduğu məkan olub. Bu gün ölkəmizin müxtəlif bölgələrində İslama qədərki və İslam dövrünə aid dini, tarixi abidələr var. Onların hamısı milli-mədəni irs hesab olunur və dövlət tərəfindən qorunur".

S.Yusifova Nazirlər Kabinetinin 2001-ci il 132 nömrəli qərarı ilə ölkə ərazisində 423 məsçid, 213 türbə, 163 qəbiristanlıq, 222 kilsə-məbədin dövlət mühafizəsinə götürüldüyünü qeyd edib:

"Proses hazırda davam edir. Yalnız ötən il Bakı şəhərində 3 məsçid, 1 kilsə, işğaldan azad edilmiş ərazilərdə isə 4 məscid, 20 türbə, 4 monastır, 13 məbəd dövlət qeydiyyatına alınıb. Bu rəqəmlər bizim dini abidələrin qorunmasında dövlət siyasətinin rolunu bir daha sübut edir".

Nazir müavini əlavə edib ki, Prezidentin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən etibarən 196-sı Şuşa şəhərində olmaqla, 575 abidənin inventarlaşdırılması həyata keçirilib:

"Qarabağda və Şərqi Zəngəzurda yerləşən və dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkləndirilməsidir. Aparılan təhlillərin nəticələrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb".