Balakəndə içməli su və kanalizasiya layihəsinin icrasına başlanılacaq

"İçməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir"

"Balakəndə mövcud problemlər arasında içməli su məsələsi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq".

AzNews.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.

"Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür", - deyə dövlət başçısı əlavə edib.