Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq
  • Mahal
  • 8 Sentyabr 2020 15:30
  •  5 138

Tərtər və Bərdənin bu kəndlərində yeni subartezian quyuları qazılır

Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq

Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində bölgələrdə layihələrin icrası davam etdirilir.

AzNews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Tərtər və Bərdə rayonlarının kəndlərində yeni subartezian quyularının qazılmasına başlanıb.

Sərəncama əsasən, Tərtər rayonunun İsmayılbəyli, Sarov və Səhləbad, Bərdə rayonunun Xanxanımlı, İkinci Nazırlı və Kələntərli kəndlərinin hər birində subartezian quyuları qazılacaq. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun su mənbələri işğal altındakı ərazilərdə qaldığından kənd sakinləri həm içməli, həm də suvarma suyu ilə təminat baxımından əziyyət çəkirlər. Xüsusilə yay aylarında bu kəndlərdə ciddi su çatışmazlığı müşahidə olunur.

Kənd sakinlərini təhlükəsiz içməli su ilə təmin etmək üçün yeraltı sulardan istifadə olunması qərara alınıb. Bu məqsədlə ərazidə tədqiqat işləri aparılıb və yeni subartezian quyularının qazılmasına qərar verilib. “Azərsu” və Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunun Səhləbad kəndində işlərə başlanıb. Bunun ardınca İsmayılbəyli və Sarov kəndlərində subartezian quyuları qazılacaq.

Hazırda Bərdə rayonunun Xanxanımlı kəndində də subartezian quyusunun qazılmasına başlanıb. Bu qazma qurğuları hesabına növbəti mərhələdə İkinci Nazırlı və Kələntərli kəndlərində də quyular qazılacaq. Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və elektrik təchizatı məqsədilə transformatorlar quraşdırılacaq.

Tərtər və Bərdə rayonlarında icra olunan layihələr çərçivəsində 6 kənddə 9 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılması və suvarma suyuna olan tələbatının ödənilməsi nəzərdə tutulur. Ümumilikdə ilin sonuna qədər 15 rayonun 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işləri yekunlaşacaq və suyun verilişi təmin ediləcək. Bu layihələrdən 65 mindən çox sakin faydalanacaq.