• Mahal
  • 5 Avqust 15:18
  •  3 070

Zəngəzur toponimləri

Abbas dərəsi, Abbaslar, Abdanlı, Abdallar

Abbas dərəsi - Gorus rayonunda kənd adı. Həkəri çayınını sağ qolu olan Ağoğlan çayının sağ sahilində, Gorus şəhərinin 16 km-də, dərədə yerləşirdi.

Yaxınlıqdakı Abbaslar kəndindən köçmüş ailələr tərəfindən meşəlik ərazidə salınmışdı.

XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Kəndin xarabalıqları və qəbir yerləri son vaxtlara qədər qalırdı.

Abbaslar - Gorus rayonunda kənd adı. Gorus şəhərindən 20 km şimal-şərqdə, meşəlik ərazidə yerləşirdi. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Abbaslar kəndin əsasını qoymuş nəslin adıdır.

Abdalanlı - Qubadlı rayonunda kənd adı. Dağətəyi ərazidə, Bərguşad çayının sol sahilində yerləşir.

Qayalı kənd inzibati ərazi dairəsinin tabeliyindədir. Kənd rayon mərkəzinin 10 km-də, dəniz səviyyəsindən 785 m. hündürlükdə yerləşir.

45 km-lik məsafədə Həkəri dəmir yolu stansiyasi yerləşirdi. Kənddə işğala qədər (1993) orta məktəb, klub, tibb məntəqəsi və digər sosial obyektlər var idi. 10 ev, 42 nəfər əhali olmuşdur. XIX əsrə aid mənbədə Ocaqqışlaq adı ilə qeydə alınmışdır. Bu da yaşayış məntəqəsinin keçmiş qışlaq yerində bina edildiyini göstərir. Toponim kəndin binasını qoymuş hun türklərindən olan abdalanlı (abdal) adlı tayfanın adı ilə bağlıdır.

Abdallar - Laçın rayonunda kənd adı.

S.Zelinskinin 1886-ci ildə tərtib etdiyi "Экономический быть государственных крестиан в Зангезурском уезде Елизаветпольской губернии" (Yelizavetpol quberniyasının Zəngəzur qəzasında dövlət himayəsində olan kəndlilərin iqtisadi vəziyyəti) adlı tədqiqat əsərində bu kəndin Zerti, Qarı kahası, Koroviz adlı bina yerinin olduğunu göstərir. 1924-cü ilə qədər poçt məntəqəsi kimi tanınmış, həmin ildə əsası qoyulan Laçın qəsəbəsinə birləşdirilmişdir. Adın mənası ağ hunların bir qolu olan abdal (heptal, efdal) tayfası ilə bağlıdir.

Orta əsr alban tarixçisi Moisey Kalankatlı Qafqaz Albaniyasında abdal tayfasının yaşadığını və onların Makedoniyalı İskəndər tərəfindən buraya köçürüldüyünü yazır.

XI- XIII əsrlərdə səlçuqlanın və moğolların tərkibində abdalların yeni köçü Qafqaza və Türkiyə ərazisinə gəlmişdir. Azərbaycanda bir neçə (Ağdam, Tovuz, Ordubad və Oğuz rayonlarında) Abdal kəndi, Türkiyədə Amasiya bölgəsində Yaycı Abdal, Kastomonu bölgəsində Abdal kəndləri, Bolqarıstanın Varna şəhəri yaxınlığında Yunus Abdal kəndləri vardır.

Ardı var...

Mənbə: Musa Urud , “Zəngəzur toponimləri” Bakı-2013